Məktəbli qızlar arasında təhsillə bağlı sorğu keçirilib

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsini həyata keçirib.
Layihə çərçivəsində yuxarı siniflərdə təhsil alan, hədəf qrupunda olan 200 qız arasında təhsilə meylin səviyyəsini ölçmək, eləcə də onların öz gələcəklərini necə təsəvvür etdiklərini öyrənmək məqsədilə sorğu keçirilib.
Sorğuda iştirak edənlərin 81 faizi tam orta təhsili başa vurmaq fikri olduğunu qeyd edib.
Onlardan 14 %-i “əgər valideynlərim imkan versə” əlavəsini edib. 5% isə “bilmirəm” cavabını verib.
Sorğuda iştirak edənlərin əksəriyyəti (87%) orta ixtisas və peşə təhsilinə münasibətinin müsbət olduğunu, lakin ali təhsil almağa üstünlük verdiyini qeyd edib. 9% “heç bir münasibətim yoxdur” cavab variantını seçib. 4% “son siniflərdə başına nə gələcəyini bilmədiyini” bildirib.
“Orta təhsili başa vurduqdan sonra nə ilə məşğul olmaq fikriniz var?” sualına rəyi soruşulanların əksəriyyəti (95) “təhsilimi davam etdirmək, eləcə də əlavə peşələrə yiyələnmək istəyirəm” cavabını verib.
“Qarşıya qoyduğunuz hədəflərə hansı yollarla çatmağı düşünürsünüz?” sualına əksəriyyət (62%) “Öz üzərimdə çalışmaqla” və “Təhsil səviyyəmi və biliklərimi artırmaqla” cavabını verib. “Təhsil səviyyəmi və biliklərimi artırmaqla” və “İdeyalarımı reallaşdıraraq” cavabını rəyi soruşulanların 24 %-i seçib. Rəyi soruşulanların 9 %-i suala “Hansısa bir işdə işləyərək” və “İdeyalarımı reallaşdıraraq” cavabını verib. Cəmi 3% respondent “Heç bir hədəfim yoxdur” cavabına üstünlük verib. Sorğuya qatılanların yalnız 1%-i “başqalarının vasitəsilə” cavab variantını seçib.
Rəyi soruşulanlar orta təhsili başa vurandan sonra hansı peşəyə üstünlük verəcəklərini də açıqlayıblar. Belə ki, onlardan 41 nəfəri müəllim, 27-si həkim, 21-i hüquqşünas, 15-i dizayner, 10-nu psixoloq, 9-u memar, 8-i rəssam, 8-i polis, 7-si hərbçi olmaq istəyir.
Respondentlərin az bir hissəsi iqtisadçı, pilot, kompüter mühəndisi və ya proqramçı, aktyor, model, biznesmen, dərzi, baytar, politoloq, maliyyəçi, kimya mühəndisi, idmançı, gömrükçü, bankir, aşpaz, musiqiçi, jurnalist və siyasətçi olmaq niqqətindədir. Rəyi soruşulanlar arasında 3 nəfər “yaşam koçu” olmaq istəyini qeyd edib. 7 nəfər isə hələlik özünə konkret peşə seçməyib. Yalnız 1 nəfər evdar qadın olmaq istəyini ifadə edib.
Layihə çərçivəsində həmçinin Bakının Nardaran (130 və 295 saylı tam orta məktəb), Maştağa (209 və 255 saylı tam orta məktəb) və Buzovna (125 saylı tam orta məktəb) qəsəbələrində yerləşən məktəblərin yuxarı siniflərində təhsil alan 131 qıza davamlı təhsillə bağlı motivasiya dərsləri və liderlik təlimləri keçilib. Əvvəlcə onlara sürət və informasiya əsrində davamlı və həyat boyu davam edən təhsilin önəmi barədə geniş bilgilər verilib. Eyni zamanda ümumi liderlik, sahəvi liderlik, özünü inkişaf etdirmək, icma arasında fərqlənmək, karyera quruculuğu, natiqlik və özünü təqdim etmək bacarıqları öyrədilib.
Təlimlərin nəticələrinin qiymətləndirilməsi üçün məktəblilərə 4 açıq sual verilib. İştirak edənlərin əksəriyyəti (68 nəfər) 80 ballıq qiymətləndirmə şkalası üzrə 70 baldan yuxarı nəticə göstərib. İştirakçılardan 29 nəfər bütün suallara doğu cavablar verərək maksimum balı (80) toplayıb. 23 nəfərin bal göstəricisi 40-dan (50%-dən) yuxarı olub. 11 nəfərin cavabları isə qənaətbəxş olmayıb.
Təlimlərin gedişində şagirdlərin gələcəklə bağlı hədəflərini müəyyən etmək üçün onlara “ev tapşırığı” olaraq “10 il sonraya məktub yazmaq” və təlimçinin e-mailinə göndərmək təklif olunub. İştirakçıların yarıdan çoxu bu təklifə müsbət yanaşaraq məktubları e-mailə yollayıblar. Benefisiarların 1/3-i təlimin ikinci günü məktubu kağız variantda təqdim ediblər.
Təlimlər zamanı uşaqların öz yaratdıqlarını təqdim etmək bacarıqlarını yoxlamaq məqsədilə arzu etdikləri şəkilləri çəkərək onları auditoriyaya təqdim etmək tapşırığı verilib. Şagirdlərin 98%-i bu tapşırığı böyük həvəslə yerinə yetirib. Sadəcə 2% öz yaratdığını təqdim etməyə çətinlik çəkib.
Təlimlərin sonunda benefisiarlara yönəlik “növbəti dəfə bu layihədə iştirak etmək istərdinizmi?” sualına yekdilliklə “bəli” cavabı verilib. Əksəriyyət “böyük məmnuniyyətlə növbəti dəfə bu tip təlimlərə qatılmaq istəyini” əlavə edib.
Təlim iştirakçılarına yaddaş üçün materiallar da təqdim edilib.
Layihə davam etdiyi müddətdə qız uşaqlarının təhsilini davam etdirməsinin ictimai əhəmiyyətini, onlarda liderlik keyfiyyətlərinin inkişafının önəmini əks etdirən məqalələr hazırlanaraq ölkə KİV-lərində dərc edilib və layihənin sosial şəbəkə hesablarında paylaşılıb.
Qeyd edək ki, iki aylıq layihənin məqsədi qız uşaqlarına təhsillərini davam etdirmək və gələcəyin liderləri olmaq istiqamətində bilik və motivasiya vermək, onlara təhsili yarımçıq qoyaraq erkən evliliyə can atmanın zərərli tərəflərini izah etməkdir.
Əvvəlki məqalə

Ağ Ev Ankarada Rusiya-ABŞ danışıqlarının məqsədini

Sonrakı məqalə

“Fransa və Türkiyə taxıl ixracını təmin etmək üçün işləməyə davam edəcək”