Maldiv adalarında üzən şəhər salınacaq

Maldiv Respublikasının paytaxtı Male yaxınlığında salınacaq yeni rayon 20 minə qədər insanın yaşadığı minlərlə evi ehtiva edəcək. Burada, həmçinin dünya səviyyəli hotellər, restoranlar, butiklər və körpülərin yerləşdirilməsi ehtimal edilir. O, bir neçə altıbucaq formalı üzən qurğudan ibarət olacaq və dünyanın ada şəklində inşa edilən ilk su şəhəri olacaq.

Ənənəvi Maldiv dənizçilik mədəniyyətindən ruhlanan layihənin işlənib-hazırlanmasına 2009-cu ildə başlanılıb, 2027-ci ilə qədər isə iş tam başa çatdırılmalıdır. Layihə Hollandiyanın “Waterstudio” memarlıq firması tərəfindən Maldiv adaları hökuməti və Hollandiyanın “Dutch Docklands” əmlak istehsalçısı ilə tərəfdaşlıq şəraitində hazırlanır.

Üzən şəhərin tikintisi ekoloji səbəblərdən, yəni, qlobal istiləşmə ilə bağlı dəniz səviyyəsinin qalxmasından qaynaqlanır. Maldiv adalarının 80 faizi dəniz səviyyəsindən bir metrdən az hündürlüyündə yerləşir və proqnozlara görə, arxipelaqın əksəriyyəti su altında qalaraq, 2100-cü ilə qədər yaşayış üçün yararsız hala düşəcək.

Şəhəri layihələndirən mühəndislər bir çox məsələləri həll etməli və ilk növbədə təhlükəsizliyi təmin etməli olublar. Bu, üzən qurğunun yaradılmasında xüsusilə vacibdir. “Təbiət qüvvəsini, dalğaları, ekstremal hava şəraiti və 100 illik proqnoz üçün dəniz səviyyəsinin qalxması əvvəlcədən nəzərə alınmalıdır”, – “Waterstudio” saytında deyilir.

Şəhərin dizaynı həm də beyin mərcanları adlanan Faviidae ailəsinin mərcanlarından ruhlanıb. Bu dəniz orqanizmləri kürəvi forması və riflənmiş səthi ilə insan beyninə bənzər koloniyalar təşkil edir. Layihənin ekoloji təmizliyi də əsas məsələlərdən biridir. Təbii mərcan artımını təşviq etmək üçün üzən şəhərin aşağı hissəsinə süni mərcan sahilləri yapışdırılacaq.

Ehtimal olunur ki, üzən şəhərdə əsas nəqliyyat qayıqlar olacaq, buna görə də burada çoxlu kanallar tikiləcək. Avtomobillər isə heç olmayacaq – yalnız velosipedlər, elektrik arabaları və skuterlər.

Əmlak satışları tezliklə başlayacaq və ilk sakinlərin adaya 2024-cü ildə köçə biləcəyi gözlənilir. Hər iqamətgahın 100 kvadratmetr sahəsi, öz körpüsü və dam terrası olacaq.(Azərtac)

Əvvəlki məqalə

“Qələbəmi Azərbaycan xalqına həsr edirəm” –

Sonrakı məqalə

Conni Depp yenidən “Sauvage” ətrinin siması olacaq –