Media və QHT əməkdaşlığı necə qurulmalıdır?

Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı, media da yeni yanaşmaların olmasını tələb edir.

Ölkədə media – qeyri-hökumət təşkilatları (QHT) arasında münasibətlər istənilən səviyyədə deyil. III sektorun təmsilçiləri həyata keçirdikləri layihələrin KİV-də əksi çox xaotik və səmərəsiz təqdimatı bu sahələr arasında əlaqələrin yenilənməsini tələb edir.

Jurnalist Seymur Verdizadə hesab edir ki, QHT və media əməkdaşlığı ölkədə vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsində effektiv rol oynaya bilər. Onun sözlərinə görə, milli QHT-lərin büdcəsi məhdudluğu bu prosesə mane olur.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin sözlərinə görə,  QHT-media əməkdaşlığından danışarkən bir çox tədbirlərdə problem olaraq qaldırılan məsələlərdən biri də odur ki, QHT sədrləri normal press-reliz hazırlayıb mediaya göndərə bilmir.

Onun fikrincə, bu gün QHT-lərin maliyyə resurslarının azlığı ucbatından müxtəlif sahə üzrə kadrları cəlb edə bilmirlər: “O cümlədən mətbuatla iş üzrə kadrları da cəlb edə bilmirik. QHT-lər bu gün işçi heyəti saxlaya bilmir. Davamlı fəaliyyət yoxdur. Davamlı fəaliyyəti olmayan qurumda peşəkar kadr çalışmaz. Problemlərin kökündə bu amil durur”.

C.Hüseynzadənin fikrincə, QHT-media əməkdaşlığının inkişaf etdirilməsi üçün kompleks tədbirlər görmək lazımdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Zaur İbrahimlinin sözlərinə görə, Azərbaycanda QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur. Bu günə kimi QHT-lər tərəfindən kifayət qədər məhsuldar və əhatə dairəsi geniş layihələr reallaşdırılsa da onlar barəsində cəmiyyətə dolğun məlumat çatdırlmayıb. Bunun kökündə isə QHT-lərin media ilə əlaqələrinin düzgün qurulmaması dayanır: “Nəticədə uduzan yenə ümumilikdə, biz oluruq. Yəni sanki elə bir təəssürat yarana bilər ki, QHT-lər bu layihələri yalnız özləri üçün həyata keçiriblər, cəmiyyətə bunun heç bir dəxli yoxdur. Bir sözlə, bu gün görülən hər işin, o cümlədən QHT-lərin reallaşdırdıqları layihələr barədə cəmiyyətə məlumatların çatdırılmasında medianın əvəzi yoxdur”.

Z.İbrahimli qeyd edib ki, Agentlik bu məsələdə boşluqların aradan qaldırılması üçün konkert addımlar atır: “İlk dəfə olaraq Agentlik tərəfindən PR məsələləri ilə bağlı artıq minimum standart müəyyən olunub. Yəni biz tövsiyyə etdik ki, hər hansı QHT öz layihəsi barədə ən azı beş KİV-də məlumat verməlidir. Bu minimumdur, bundan artıq neçə saytda, yaxud qəzetdə dərc edilməsi isə artıq QHT-nin öz işini media ilə necə qurmasından aslı olacaq. Bu onu göstərir ki, biz öz tərəfimizdən o mühiti formalaşdırmağa çalışırıq”.

Onun fikrincə, problemin praktiki həlli yollarından biri hər hansı bir müstəvidə KİV və vətəndaş cəmiyyətini bir araya gəlməsindən keçir. Yəni hər iki tərəfin iştirakı ilə geniş müzakirələrə ehtiyac var, fikir mübadiləsi aparılması vacibdir. Düşünürəm ki, bu müzakirələrin bir nəticəsi, mediada daha çox QHT sektoru ilə işləyəcək, bu sahədə zəruri bilik və bacarığa malik müxbirlərin yetişməsi üçün müvafiq təşəbbüslərə qərar verilməsi ola bilər. Çünki mediada bu sahə üzrə ixtisaslaşma vacibdir”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də mövzunun aktual olduğunu bildirir.

O, qeyd edib ki, məsələyə yanaşmada həm media, həm də QHT özünü haqlı saya bilər: “Ona görə də biz kimin haqlı, kimin haqsız olmasının axtarışına çıxmamalıyıq. Elə etməliyik ki, bu problemin həllinə dəstək olaq. Onun yolu da bu cür müzakirələrdən keçir. Mətbuatla, sosial media ilə davranış və əməkdaşlıq istiqamətində QHT-lərin, xüsusilə, region QHT-lərinin maarifləndirilməsinə ehtiyac vardır.

 

Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməkdə əsas rol oynayır. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“Daha çox silah istəyirik”

Sonrakı məqalə

“Xəstəmiz Laçın yolu ilə İrəvana aparıldı” –