Mehman Əliyev Maqomayevdən yazdı:“Müslüm İlyanı pilləkəndən aşağı tulladı”

“Turan” İA-nın direktoru Mehman Əliyev Rusiya TV-sində gedən “Maqomayev” serialından sonra əfsanəvi Müslum Maqomayev haqqında xatirəsini yazıb.

Azpost.info yazını oxucularına təqdim edir:

“Maqomayev” serialının ilk dörd bölümünü izlədim. İlk rəylərlə tanış oldum. Ziddiyyətlər var. Müslümü daha çox şən, açıq, ünsiyyətcil insan kimi tanıyırlar. Miloş Bikoviç bir qədər ciddi, sadə, təmkinli Maqomayevi oynayır.

Filmlin məsləhətçisi Maqomayevin xanımı Tamara Sinyavskayadır. Və mən düşünürəm ki, o, Müslimlə tanışlığı və birlikdə yaşadıqları dövrdə Müslümün əhval-ruhiyyəsini və xarakterini düzgün çatdırıb. Onların birləşdikləri vaxtdan bu yana qalan hər şey ikinci dərəcəli olub.

***

1975-ci ilin sentyabrı. Bizim  vokal-instrumental ansamblımızın debüt vaxtı. Bu vaxta qədər publika qarşısında çıxış etməmişdik. Üç gitara və zərb alətində çalırdıq. Üstəlik, səhnəyə çıxmaq üçün qrupun iki iştirakçısını dəyişmək lazım gəldi.

Debüt “Zagulba” pansionatında baş tutdu. Pansionat Səhiyyə Nazirliyinin 4-cü idarəsinin “Zagulba” kardioloji sanatoriyası ilə eyni ərazidə idi. Yayda burada partiya-təsərrüfat nomenklaturası  dincəlirdi,  payızın əvvəllərində isə bütün İttifaqdan, əsasən Rusiya və Ukraynadan gəlirdilər.

Həmin günlərdə Müslüm Maqomayev və Tamara Sinyavskaya bu pansionatda yerləşdilər. 10 ay öncə evlənmişdilər və bu, onların bal ili idi. Onların otağı pansionatın inzibati korpusunun üçüncü mərtəbəsində idi. Apartament illik Maqomayevə verilmişdi. Təəccüblənirdim ki, ulduz cütlük demək olar ki,  ictimai yerlərdə görünmürdü və ayrıca istirahət edirdi, biz ünsiyyətdə deyildik. Hətta onlarla tanış olmağa can atmırdıq, bizim üçün bu, əlçatmaz idi.

Axşam ansamblımız yemək otağının verandasında rəqs ifa edirdi, dənizin üzərində böyük ay görünürdü və göydən dənizə qədər sanki gümüşü yol çəkirdi. Müslümün eyvanı bura baxırdı. Və bu da daha çox daxili narahatlıq yaradırdı. Rəqs zamanı eyvanın qapısının açıq qalmasından məmnun idim, bu o demək idi ki, bizi dinləyirlər. Həftədə üç dəfə çıxış etməli olsaq da, demək olar ki, hər gün çalırdıq. Publika xahiş edirdi və yaxşı iş görmək bizə xoş idi.

Cütlüyün sadəliyi və yüksək mədəniyyəti məni heyrətləndirirdi. Həyatım boyunca ləyaqət dərsinə çevrilmiş iki hadisə barədə danışacağam.

Gənc musiqiçilər kimi məşqdən sonra adətən dincələnlərlə birlikdə əylənirdik. Bir dəfə otağımıza gec, gecədən keçmiş qayıtdıq. Otağımız birinci mərtəbədə idi və şaquli olaraq Müslümgilin otağının altında yerləşirdi. Adətən səhər tezdən, saat 5-də o, mahnı oxuyardı. Biz oyandıq, amma çox yuxumuz gəlirdi, yatmaq istəyirdik.

Mən dedim: “Qalxın məşqə”. Aparaturanı işə saldıq və çalmağa başladıq. Müslüm oxumağı dayandırdı. Biz də. Əgər o,  şikayət etsəydi, buna görə bizi cəzalandıra bilərdilər. Ancaq bizi heç bir yerə çağırmadılar və xuliqanlıq etdiyimiz üçün danlamadılar. O şikayət etmədi. Mən isə o zaman çox utanmışdım, indiyədək də xatırlayanda utanc hissi keçirirəm.

Bir gün səhər məşq edirdik. Kütləvi tədbirlər üzrə işçi İlya Yakovleviç (İlyuşa) içəri girdi: “Mehman, mənə Arif lazımdır”. Arif qrupumuzda ən gənc idi və təbil çalırdı. 15 yaşı vardı.

“Bizim məşqimiz var və o, heç yerə getmir”, – sərt cavab verdim. Məşq müqəddəs ayin kimi bir şey idi bizim üçün. Hətta görüşləri də ləğv edərdik.

“Cəmi beş dəqiqə”, – İlyuşa acızanə şəkildə rica etdi.

Fasilə elan edirəm: “Vaxt getdi”.

Beş dəqiqədən sonra Arif qaranəfəs otağa qayıtdı: “Biz çıxanda İlyuşa mənə dedi ki, evin qarşısındakı bağdan bir dəstə çiçək dər. Mən kiçik dəstə dərdim. Onun ardınca getdim. Müslümgilə tərəf qalxdıq. Mən ikinci və üçüncü mərtəbələr arasındakı meydançada durdum. İlyuşa əlində çiçək qapını döydü. Müslüm açdı: “Çıx bayıra”. Və qapını örtdü. İlyuşa yenidən qapını döydü. Maqomayev açdı və İlyuşa çığırdı: “Mən Tamara üçün gəldim”. Müslüm onun qabağına çıxdı və İlyuşa pilləkənlərlə aşağı yuvarladı,  mən aşağı cumdum”.

Elə həmin gün İlyuşanı polisə apardılar və bir həftə görünmədi. Artıq yetdi.

Sonradan baş verənlərin əsl səbəbini bildik. Deməli, İlyuşa Müslümün etibarını qazanıb, hətta dostlaşıblar. Və bir dəfə Müslümdən açıqcaların üzərində  avtoqraf yazmağı xahiş edib. Həmin açıqcaları rəqs axşamlarında viktorinanın qaliblərinə verəcəkdi. Müslüm ona güzəştə gedib və açıqcaları imzalamışdı. Düzü, rəqslərdə heç kimə açıqca vermədi. Məlum oldu ki, İlyuşa qadınlara Müslümdən xatirə açıqcalar təklif edirmiş və mətndən asılı olaraq belə açıqcanın qiyməti 10 rubl ilə 25 rubl arasında imiş.

Üzərində avtoqraf olan açıqcalara mətni özü yazırmış. Məsələn, bu cür yazılar vardı: “Əzizim filankəsə Bakıda keçirilmiş günlərdən xatirə…”

Müslüm bundan xəbər tutanda çox qəzəblənib və İlyuşa ilə münasibətlərini kəsib.

***

Bir il keçdi və cütlüyün yenidən istirahətə gələcəyini gözlədik. Bu vaxta qədər öz üzərimizdə daha yaxşı çalışmışdıq və irəliləmişdik. Şəxsən onun rəyinə ehtiyacım vardı. Ancaq bu dəfə gəlmədilər.

O vaxt Moskva Akademik Satira Teatrı Bakıda qastrol səfərində idi. Aktrisa Zoya Zelinskaya beş yaşlı oğlu Sergeylə pansionatda dincəlmək qərarına gəldi və teatr truppası ilə Tbilisiyə getmədi. Həyat yoldaşı Valeri Lednev gəldi. O, “Sovet mədəniyyəti” qəzetinin beynəlxalq şöbəsinin redaktoru idi.

Bir dəfə Zelinskaya məndən soruşdu: Konservatoriyanı bitirmisən?

Cavab: Xeyr.

-Musiqi texnikumunu?

-Xeyr.

Musiqi məktəbi?

-Xeyr.

-Bəs nəyi?

-Heç bir yeri.

-Bunların hamısı təhsilsizdir?

-Bəli.

-Bəs necə çalırsınız?

-Səs duyumu ilə.

-Olar, sizin məşqə gələk?

-Əlbəttə.

Verandada məşq etdik. Onlar bir kənarda skamyada oturdular və savadsız musiqiçilərin necə musiqi, improvizasiya yaratdığını diqqətlə izlədilər. Və yalnız: “Uşaqlar Lya kvadratında çalırıq” dedilər.

Valeri bir anda qaçıb “Nikon” aparatı  ilə qayıtdı və bizim şəklimizi çəkməyə başladı. Zelinskaya həyəcanlandı: “Bu, mümkün deyil. Əgər Moskvada çalsaydınız, sizin qiymətiniz olmazdı”.

Mənim üçün belə qiymətləndirmə yüksək mükafat idi və bir şeylərə nail olduğumuzu artıq anlayırdım. İfa edərkən hər dəfə istər-istəməz Müslümün eyvanına baxırdım və təəssüf edirdim ki, bizi eşitmir. Onun otağının qapısı bağlı idi…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Macarıstandan qayıdan karateçilərimiz karantinə aparıldı

Sonrakı məqalə

Azərbaycanda www.koronavirusinfo.az informasiya portalı istifadəyə verilib