Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb

Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb. Virusun daşıyıcısı olan və Avropa ölkələrindən birində müvəqqəti yaşayan misirli xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

AZƏRTAC Misirin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, meymunçiçəyi virusuna yoluxan 42 yaşlı pasiyent Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə müalicə olunur və onun həyatı üçün təhlükə yoxdur. Nazirliyin rəsmisi bildirib ki, ölkənin hava və dəniz limanlarında, habelə quru sərhədlərində bu təhlükəli virusla bağlı nəzarət və profilaktiki tədbirlər həyata keçirilir.

Misirin səhiyyə naziri Xalid Abdel-Qaffar jurnalistlərə müsahibəsində bildirib ki, meymunçiçəyi virusuna yoluxmuş xəstələrin müalicəsində effektli dərman olan Tekovirimat preparatı alınıb. ABŞ-ın “SIGA Tecnhnologies” əczaçılıq şirkətinin istehsal etdiyi bu preparat Avropa Əczaçılıq Agentliyi tərəfindən təsdiq olunub.

Əvvəlki məqalə

UEFA Çempionlar Liqasının birinci tura yekun vurulub –

Sonrakı məqalə

Mənzildə toz allergiya, astma, zökəm yarada bilər