“İnflyasiyanın artdığı dövrdə monopoliya qruplarına qazanc məqsədli spekulyativ qiymət artımları üçün münbit fürsətlər yaranır”.
Azpost.info bildirir ki, bu sözləri tanınmış iqtisadçı Rövşən Ağayev Meta-da yazıb.
Ekspert bu gün parlamentdə hökuməti təmsil edən nazir və nazir müavinlərinin yüksək inflyasiya təzyiqi ilə bağlı şikayətlərini şərh edərək bildirib ki, iqtisadiyyatda rəqabətin olmadığı, idxal üzərində inhisarlaşan iqtisadiyyatlar üçün süni qiymət artımları xarakterik sayılır.
“Şübhəsiz ki, hətta rəsmi statistikaya görə ərzaq inflyasiyasının az qala 20%-ə çatırsa, artıq insanlar mətbəxlərində və ciblərində bunun ağırlığını ciddi şəkildə hiss edirlər. Bir məsələ dəqidir ki, hazırkı yüksək inflyasiya tələbdən, xüsusən ev təsərürfatlarının tələbindən qaynaqlanmır”.
R.Ağayev bildirib ki, bunu təsdiqləyən bir neçə makroqitisadi faktor da var: Məsələn, əvvəlki ilə nisbətən 2021-ci ildə ev təsərürfatlarının istehlak xərclərinin ÜDM-də payı 61%-dən 52%-ə enib. Bu xərclərin illik artım tempi ÜDM-nin artım tempindən 3 dəfə geri qalıb. Bu ilin 4 ayında istehlak bazarında xərcləmələr də elə yüksək olmayıb – 4% ətrafındadır. Tələbi stimullaşdıran xərc mənbələrində də kritik artımlar qeyd alınmadığı görünür. Məsələn, iqtisadiyyatın kreditləşməsi 10%-dən, büdcə xərcləmələri 5-dən az artıb. Bu ilin 4 ayında pul bazasında 7% artım görünür”.
Ekspertin sözlərinə görə, təklif (xərc) mənşəli inflyasiyanın artımını göstərən göstəricilər daha çoxdur. İdxal qiymət indeski 25%-ə yaxın, bəzi mal qrupları üzrə 30%-in üzərində olub: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının qiymət indeksi 16%-dən çox, emal sənayesi üzrə istehsalçı qiymət indeksi 25%-ə yaxın olub. Bu indekslərin yüksəlməsində yalnız xammal və materialların bahalaşması səbəblərdən biridir. İqtisadiyyatdakı aparıcı məhsul və xidmətlər üzrə monopol şəbəkəsinin xərcləri yüksək göstərərək qiymət artımını sürətləndirməsi ciddi və etibarlı araşdırma tələb edir. Bir qayda olaraq iqtisadiyyatda rəqabətin olmadığı, ayrı-ayrı bazarların və idxalın yüksık inhisarlaşdığı iqtisadiyyatlarda inflyasiyanın artdığı dövr bu qruplar üçün qazanc məqsədli spekulyativ qiymət artımları üçün münbit fürsətlər yaranır”-deyə iqtisadçı bildirib.