Moskvada energetika nazirlərinin müavinlərinin iştirakı ilə İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsinə dair üçtərəfli görüş keçirilib.
Azpost.info bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.
İranın Rusiyadakı səfirliyindən verilən məlumata görə, İranın energetika nazirinin müavini Homayun KhXayeri Moskvada İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsinə yönəlmiş üçtərəfli görüşdə iştirak edib.
Bu görüş üç ölkənin energetika nazirlərinin müavinlərinin iştirakı ilə baş tutub. Görüşdə layihələrin həyata keçirilməsi üçün ən son texniki tədbirləri nəzərdən keçiriblər.
Bundan əvvəl iyulun 16-da İranın energetika naziri Əli Əkbər Mehrabyan bəyan etmişdi ki, İran və Rusiya Azərbaycan Respublikası vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaqlar.
“Rusiya ilə elektrik enerjisi mübadiləsi üçün biz iki marşrutdan – Azərbaycan Respublikasından və Ermənistan-Gürcüstandan istifadə etmişik və biz yekun danışıqlar və icra prosesindəyik”, – deyə o bildirib.
İranın energetika naziri əlavə edib ki, İran bəzi qonşularla elektrik enerjisini ödənişsiz mübadilə etmək niyyətindədir.
“Tezliklə biz Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağıq. Ermənistan və Gürcüstan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə qoşulması da gündəmdədir”, – deyə o, yekunlaşdırıb.
Azpost.info