“Qarabağ danışıqları ilə bağlı bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır”.
Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı deyib ki, bu məsələ ilə bağlı kifayət qədər açıqlamaları olub: “Ona görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar”. Prezidentin sözlərinə görə, bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.