“Ölü kart”lara maaş yazırdıq”- Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi bildirib ki, 2013-cü ildən hərbi xidmətdədir: “2018-ci ilin iyul ayında hərbi hissədə maliyyə mənimsəmələrinə yol verilib. Özüm də bu işlərin iştirakçısı olmuşam. 2018-ci ildən 2020-ci ilin dekabrın 12-ə kimi rəisim Cəlal Kazımov olub. Əlavə yazılan sifarişləri xidmət rəisimlə razılaşdırmışam. Bu razılaşmaya görə, şəxsi heyətin ehtiyacları ilə bağlı vəsaitləri artıq, şişirdilmiş qaydada yazırdıq. Əlimizdə “ölü kartlar” var idi. Həmin kartlara maaş yazırdıq. Amma həmin kartların sahibləri mövcud deyildi. Ad və soyadlar qeyd etməklə həmin “ölü kartlar”a əmək haqlarının köçürülməsi üçün sənədlər hazırlayırdıq. Həmin pullar da bizim tərəfimizdən götürülürdü. Bunları da rəislərimiz bilirdilər. Amma heç nə demirdilər. Çünki faiz alırdılar. Bu işlərin üstü açılandan sonra işlədiyim hərbi hissədə maliyyə yoxlamaları aparıldı. Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı 945 min manat mənimsəmə faktı müəyyən edildi. Bununla bağlı istintaqda da akt tərtib olundu. Həmin yoxlamalar da şəxsən özüm iştirak etmişəm, tərtib olunan aktda bəzi şişirtmə də var idi. Çünki bəzi sənədlər yandırılaraq məhv edilib. Mən o zaman da yenidən sənədlərin bərpa olunması üçün müraciət etdim, amma baxan olmadı”.

O bildirib ki, özünə aid olan mənimsəmə faktının 350 min manat olduğunu Dövlət Təhlükəsizliyi Xidmətində istintaq aparılan zaman qəbul edib.
Bildirib ki, həmin mənimsənilən vəsaitin 131 min manatını istintaq dövründə ödəyib. O, qalan məbləği ödəmək niyyətində olduğunu bildirib.

Suallara cavab verən şahid qeyd edib ki, hərbi hissədə açılan maliyyə hesabına köçürülən pul onlar tərəfindən bölüşdürülüb: “Biz hər ay 35-65 faizi arasında işlər görmüşük. Pulun 65 faizini rəis Cəlal Kazımova çatdırdım. Qalan 35 faiz isə mənim özümə qalırdı”.

Bu zaman arayış verən təqsirləndirilən Cəlal Kazımov bildirib ki, rəqəmlər şişirdilib: “Çünki rəsmi sənədlər məhv edilib. Bütün bunlar da ehtimallar əsasında yazılıb. Mən yazılan faizləri qəbul etmişəm. Amma rəqəmlərdən xəbərim yoxdur. Çünki rəqəmlərin dəqiq olması üçün rəsmi sənədləri müəyyən etmək lazım idi. Bunu üçün də uzun vaxt lazım idi. Amma bütün bunlar olmadı. Ehtimallar əsasında rəqəmlər şişirdilərək yazılıb”.

Şahid daha sonra bildirib ki, hərbi hissədə təftişə gələn Füzuli Ələkbərli ondan Cəlal Kazımova çatdırılmaq üçün pul istəyib və bunun yuxarının tapşırığı olduğunu deyib: “Füzuli Ələkbərliyə iki dəfəyə – 135 min manat bir, 141 min manat isə bir verilib. Onun dediyinə görə, həmin pulları Cəlal Kazımova çatdırıb”.

Cəlal Kazımov isə deyib ki, həmin vəsaitlərdən onun xəbəri olmayıb. Bildirib ki, həmin dövrdə nazirin əmri ilə iş yeri Naxçıvana dəyişdirilib və həmin vəsaitlərin onun tərəfindən alınması mümkün deyildi.

Digər şahid, Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olduğunu deyib. O bildirib ki, 2018-2019-cu illərdə hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində işləyən zaman hərbi hissədə mənimsəmə faktlarına yol verib.

COVID xəstəliyi keçirdiyini deyən şahid bildirib ki, hazırda dəqiq heç nə xatırlamır, yaddaşını itirib.

İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyən şahid qeyd edib ki, orada yazılanlar həqiqəti əks etdirir: “Nə qədər məbləğin mənimsənilməsi, kimə nə verilməsini unutmuşam. Mənə aid mənimsənilən puldan 80-90 min manatını ödəmişəm. Onu bilirəm ki, hesaba köçürülən pulun 65 faizini geri qaytarırdıq. Həmin faiz Cəlal Kazımova çatıb”.

Cəlal Kazımov isə Hərbi Hava Qüvvəllərinin hərbi hissəsinin açılışı barədə danışıb: “Böyük tədbir idi. Amma işlər yarımçıq qalmışdı. Hərbi hissəyə elektrik belə çəkilməmişdi. Ramiz Tahirov tapşırdı ki, hərbi hissənin açılışı olacaq, generator alınmalıdır. Mən də ayrılan həmin vəsaitləri hərbi hissənin bu işlərinə xərclədim. Çünki bu işlərin görülməsi üçün gözləməyə vaxt yox idi. Biz bu işləri yüksək səviyyədə qısa zamanda həll etdik ki, hər şey qaydasında olsun”.

Proses yanvarın 12-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb(apa).

Əvvəlki məqalə

Sinan Oğan “Qalatasaray”-“Fənərbaxça” oyununun Xankəndidə keçirilməsini təklif edib

Sonrakı məqalə

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib