On min üzvü olduğunu bəyan edən pulsuz partiyalar –Siyasətçilər niyə “qəpiyə güllə atırlar”? –HESABAT/RƏQƏMLƏR

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilsə partiyalarda üzvlərin minimum sayı on min nəfər olmalıdır.

Üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin versiyasında keçid müddəalarında əksini tapıb.

Beləliklə, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməlidir

Təklif olunan layihənin 22-ci maddəsində “siyasi partiya üzvünün vəzifələri” kimi üzvlük haqqını ödəmək göstərilib.

27-ci maddədə əks olunan “Siyasi partiyanın maliyyə hesabatı” bölməsində isə deyilir ki, partiya təqdim etdiyi rəsmi maliyyə hesabatında, o cümlədən üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı, həmçinin siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği qeyd etməlidir.

Yeni qanun layihəsi ilə bağlı açılmış müzakirələrdə siyasi partiyalar çoxminli üzvlərə malik olduqlarını iddia edir və üzv məsələsində problem yaşamadıqlarını bildirirlər.

Azpost.info partiyaların maliyyə vəziyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri hesabatı araşdırıb.

2021-ci ilə aid bu hesabat sənədlər qəribə vəziyyəti əks etdirir. Minlərlə üzvü olduğu iddia olunan partiların böyük əksəriyyəti üzvlük haqları ilə bağlı heç bir məbləğ göstərilmir.

Ümumiyyətlə, siyasi partiayarın maliyyə durumu çox kədərlidir.

Məsələn, Müsavat partiyası ötən ilki gəliri 4300 manat olub. Partiyaya bir il ərzində cəmi 800 manat ianə verilib. Müsavatın xərcləri isə 5080 manat olub.

Azərbaycanın rəsmi qeydiyyatdan keçmiş ilk siyasi partiyası olan AMİP “varlı sinfin” “milli burjuaziyanın” maraqlarının müdafiəçisi kimi tanınsa hazırda kasıb proletar partiyası həyatını yaşayır. AMİP-in 2021-ci ildə cəmi 2380 manat gəliri olub. Bu puldan partiyanın saxlanması üçüm 1118 manat ayrılıb. Partiyaya heç bir ianə edilməyib.

Azərbaycanın sabiq Baş Prokuroru olmuş İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasının da maddi durumu yaxşı deyil. Partiya ötən il cəmi 1463 manat gəlir əldə edib.

Sabiq Baş nazir Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasının da ötən il heç bir gəliri olmayıb.

Pulu olmayan partiyaların sırasında Fərəc Quliyevin sədr olduğu Milli Dirçəliş Hərəkatı Partiyası, sabq dövlət katibi Lalə Şövkətin lider olduğu Liberal Partiyası, sabiq Baş prokuror İxtiyar Şirinin sədri olduğu Milli Konqres partiyası, Gələcək Azərbaycan Partiyası, Ümid Partiyası  da yer alıb.

Sərdar Cəlaloğlunun sədri olduğu ADP-də gəlir olmayıb.

Sosial –demokratlar da fəhə sinfindən maddi dəstək ala bilmirlər. Proletaratın dahi rəhbəri Lenindən fərqli olaraq Araz Əlizadə partiyaya bir qəpik də pul gətirə bilmir.

Sosial şəbəkənin siyasi “ulduzu” olan Tural Abbaslının sədri olduğu Ağ Partiya böyük vədlər versə də üzvlərindən hələ ki, pul ala bilmir. 2021-ci ildə partiyanın cəmi 1560 manat pulu olub. Bu məbləğ də ianə kimi verilib.

Sabiq prezident Əbülfəz Elçibəyin tərəfdarlarının olduğu Klassik Xalq Cəbhəsi Partiyası da xroniki pulsuzluqdan əziyyət çəkir. Mirmahmud Mirəlioğlunun MSK-ya təqdim etdiyi hesabatda gəlirlər qrafası “sıfır” göstərilib.

Vətəndaş Birliyi Partiyasının sədri Milli Məclisin deputatı olsa da partiyanın bir qəpik qazancı olmayıb. Partiya heç bir gəlir gətirmir. Yeni Zaman Partiyası da pulsuzdur.

Siyahıda olan 54 partiyadan böyük əksəriyyətinin durumu belədir. Onların partiya strukturlarını hansı xərclərlə saxlanması naməlumdur.

Yalnız Milli Məclisdə deputat yeri ilə təmsil olunmuş siyasi partiyalar dövlət dəstəyi alırlar. Bu partiyalar onlara  ayrılmış illik 206 min manat pulla partiyanın fəaliyyəti təmin edirlər.

Məsələn, İlqar Məmmədovun sədri olduğu REAL Partiyası dövlət dəstəyi olaraq ötən il 206 min 328 manat pul alıb. REAL bu puldan daima prioritet verdiyi seçki məsələləri üçün çox az məbləğ ayırıb. İlqar Məmmədov MSK-ya hesabatında ictimai əlaqələr və seçkilərin keçirilməsi üçün 337 manat ayrılıdğını göstərib.

Partiya üzvlük haqlarının məbləğini göstərməyib. Yalnız 45 manat ianə verilib.

Vəhdət, Böyük Quruluş, BAXCP, Milli Cəbhə Partiyası, VHP, Demokratik İslahatlar Partiyası parlamentdə təmsil olunduqları üçün dövlətin maliyyə dəstəyi ilə təmin ediliblər.

Bu partiyaların bəziləri dövlət yardımını strukturların saxlanmasına xərcləyiblər. Məsələn, BAXCP dövlətin ayrdığı maliyyə vəsaitindən partiyanın saxlanmasına və informasiya təminatına 171 min 170 manat sərf edib. İctimaiyyətlə əlaqələrə xərclənən məbləğ isə 33 min 465 manat olub. 2021-ci ildə həmin yardımdan Milli Cəbhə Partiyası partiyanın saxlanmasına 105 min, Böyük Quruluş Partiyası 62 min, VHP 276 min, DİP 24 min manat xərcləyib.

Siyasi mübarizə çoxlu pul tələb edir. Azərbaycanda siyasi partiyaların mesajları isə onların iqtisadi durumu ilə tərs mütənasib görünür.

Azpost.info

 

 

 

 

 

 

Əvvəlki məqalə

DİN-dən narkotiklə bağlı tutulan şəxslərin buraxılması ilə bağlı iddialara

Sonrakı məqalə

“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi başlanıb