Partiya sədri:

“Prezidentin çıxışı hərbi proqram xarakteri daşıyır”
26 İyun 2020 - 14:56

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışındakı çıxışı aktuallığı ilə seçilir. Mən deyərdim ki, ölkə başçısının dünənki çıxışı hətta hərbi proqram xarakteri də daşıyır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Rusiya, Türkiyə, İsrail və s. ölkələrdən müasir silahlar alıbr: “Eyni zamanda, ordumuzun istifadəsində olan və sovet vaxtından qalan qurğular da modernləşdirilib. Dünən “N” saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev də vurğuladı ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Hesab edirəm ki, ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır”.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun maddi-texniki bazası günü-gündən möhkəmləndirilir: “Ordumuzun şəxsi heyətinin peşəkarlığının dayanmadan artırılması istiqamətində də çox böyük işlər görülüb. Məhz bu tədbirlərin nəticəsidir ki, ordumuzun şəxsi heyəti çox yüksək peşəkarlığa malikdir. Azərbaycan Ordusu istənilən vaxt ona həvalə edilən tapşırığın öhdəsindən peşəkarcasına gələ bilər. Biz Aprel döyüşlərində və uğurlu Naxçıvan əməliyyatında bunun bir daha şahidi olduq. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi hər an ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaq üçün döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır”.

T.Kərimli deyib ki, ölkə başçısının çıxışında diqqət çəkən məqamlardan biri də işğal edilmiş torpaqlarda ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparılmasının vurğulanmasıdır: “Prezident İlham Əliyev bildirdi ki, “Şərq Tərəfdaşlığı”nın sonuncu zirvə görüşündə, eləcə də bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırmaya son qoyulmalıdır. Biz beynəlxalq ictimaiyyəti buna çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşdırma dayandırılsın. Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycan buna imkan verməyəcək, bunu hər kəs bilsin, münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Hesab edirəm ki, Prezident İlham Əliyev dünənki çıxışında dünyaya bir daha bəyan etdi ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Əminəm ki, yaxın vaxtlarda Azərbaycan torpaqlarının işğalına son qoyulacaq və Azərbaycanın suverenliyi bərqərar olacaq”.