Qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməlidir.
Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib. Mütəxəssis valideynlərı tövsiyə edib ki, övladlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.
“Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar. Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə aparılmalıdır”,- deyib Günay Əliyeva.
İnfeksionist xatırladıb ki, peyvəndlənmə bu xəstəlikdən qorunmağın ən təsirli üsuludur: “Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən peyvəndlər təhlükəsizdir və keyfiyyətcə standartlara uyğundur. Peyvənd yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını alır, yoluxma halında isə daha yüngül, qısamüddətli təsir verir”.