“Kəskin yoluxucu virus xəstəliyi olan qızılca uşaq infeksion xəstəlikləri sırasına daxildir. Ancaq bütün yaş hədlərində müşahidə edilə bilər. Qızılca virusu 56 dərəcə temperaturda məhv olur. Buna baxmayaraq günəşə və ultrabənövşəyi şüalara qarşı həssasdır”.
Bunu AZƏRTAC-a 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi, həkim-ftiziatr Afət Novruzova deyib. O qeyd edib ki, qızılca virusu çox yüngül və olduqca yoluxucudur. Belə ki, bu xəstəliyin yeganə ötürücüsü insanlardır. Söhbət zamanı, öskürdükdə ətrafa külli miqdarda qızılca virusu xaric olur və virus çox yüngül olduğu üçün bir saata qədər havada asılı qala bilir. Bu səbəbdən nəinki qızılcalı xəstə ilə bilavasitə təmas etmək, hətta onun qaldığı otaqda olmaq virusa yoluxdurur.
Mütəxəssis xəstəliyin yayılma yolları haqda danışıb: “Xüsusilə, hava, damcı üsulu ilə yayılır. Orqanizmin qızılca virusu üçün giriş qapısı isə yuxarı tənəffüs yollarıdır. Xəstəliyin inkubasiya dövründə (gizli dövr) heç bir əlamət olmur, ilkin əlamətlər isə inkubasiyadan sonra özünü büruzə verir. Daha sonra kataral dövrü başlayır. Bu zaman adətən qızılcanın ilkin simptomları müşahidə olunur. Burun axıntısı, yorğunluq, halsızlıq, öskürək, boğazda ağrı, işığa qarşı həssaslıq, yanağın iç divarında yəni, selik qişasında və diş ətinin dibində boz və ağrılı ləkələr ilkin simptomlara daxildir. Məhz bu əlamət qızılcanı digər bənzər xəstəliklərdən fərqləndirir. Daha sonra xəstəliyin prodromal dövrü başlayır. Adətən 4-5 gün çəkir və qızdırma 39-38, hətta 41 dərəcəyə qalxır. Yüksək temperaturun beş gündən artıq davam etməyi, həkimə daha diqqətli olmağa dəvət edir. Bəzi insanlarda immun sistem aşağı olduğundan bədən uzun müddətli qızdırmaya dözə bilmir və ağırlaşma ciddi fəsadlarla nəticələnir. Səpkilərin bədəndə yaranması isə son mərhələdir. İlk olaraq üzdə yaranmağa başlayan səpkilər bütün bədənə yayılır”.
Səpkilər yarandıqdan 4-5 gün müddətinə xəstənin yoluxdurma qabiliyyətinin ən pik həddə olduğunu deyən mütəxəssis bildirib ki, ikinci həftədən sonra yoluxuculuq yavaş-yavaş azalır və səpkilər qabıq qoyur. Kəpəkvari qabıqlanma təqribən 5-8 gün çəkir: “Ancaq qızılcalı xəstənin kliniki sağalmasından sonra asteniya və anergiya vəziyyəti hələ də davam edir. Çünki kliniki sağalmağına baxmayaraq uzun müddət yorğunluq hissi, halsızlıq, öskürək, yuxusuzluq müşahidə edilir”.
Həkim-ftiziatr xəstəlikdən qorunmağın yeganə yolunu açıqlayıb: “Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir. Peyvənd iki dozada aparılır. Birinci dozadan sonra qızılcanın 93 faiz halda qarşısı alınırsa, ikinci dozadan sonra bu göstərici 97 faizə yüksəlir. Peyvənd olunan şəxslər qızılcanı yüngül keçirdirlər və ölüm hadisəsi qətiyyən olmur. Ancaq peyvənd olunmayan şəxslərin qızılcadan tam qorunmağı mümkün deyil. Bu kimi hallarda orqanizmdən asılı olaraq ağırlaşmalar müşahidə edilir. Hətta bəzən qızılca ölümlə də nəticələnir”.