Pivənin orqanizmin sinir və immun sistemlərinin normal fəaliyyəti üçün vacib olan B6 vitamininin mənbəyi olduğu məlum olub. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, içkinin tərkibində faydalı maddələrin olması spirtli içki qəbulunun yaratdığı zərərləri kompensasiya etmir.

Azpost.info bildirir ki, bu barədə Verywell Health məlumat yayıb.

Araşdırma çərçivəsində mütəxəssislər 65 növ pivəni tədqiq ediblər. Onların tərkibində B6 vitamininin konsentrasiyası hər litr üçün 95,3–1020 mikroqram arasında dəyişib. Faydalı maddənin miqdarı əsasən pivənin hazırlanmasında istifadə olunan inqrediyentlərdən asılı olub.

Ən çox B6 vitamini bok (Bock) növlü pivədə aşkarlanıb. Buğda pivəsində isə vitaminin miqdarı lagerlə müqayisədə xeyli az olub. Maraqlıdır ki, alkoqolsuz pivənin tərkibindəki B6 vitamininin miqdarı spirtli analoqlarından demək olar ki, geri qalmayıb.

Rutgers Universitetinin dietoloqu Stefani Conson bildirib ki, vitamin əldə etmək məqsədilə pivə içmək düzgün deyil. Alkoqol qaraciyər xəstəlikləri və bəzi xərçəng növlərinin yaranma riskini artırır. Buna görə də içkinin mümkün faydası sağlamlıq üçün yarada biləcəyi təhlükələri kompensasiya etmir.

Böyüklərin əksəriyyəti üçün B6 vitamininin tövsiyə olunan gündəlik norması 1,3–1,7 milliqram təşkil edir. Hətta tərkibində ən yüksək vitamin konsentrasiyası aşkarlanan pivənin yarım litrlik porsiyasında cəmi 0,51 milliqram B6 vitamini var.

Orqanizmin ehtiyac duyduğu vitaminin lazımi miqdarını adi qida məhsullarından əldə etmək mümkündür. Məsələn, 170 qram toyuq döşündə və ya qızılbalıqda təxminən 1,6 milliqram B6 vitamini mövcuddur.

Klivlend Klinikasının dietoloqu Culiya Zumpano da qida rasionuna B6 vitamini ilə yanaşı, orqanizm üçün digər zəruri qida maddələrini ehtiva edən məhsulların daxil edilməsini tövsiyə edib. Belə məhsullara noxud, kartof, banan, balıq və ət daxildir.

B6 vitamini zülalların mübadiləsində, hemoqlobinin istehsalında və sinir hüceyrələri arasında siqnalların ötürülməsi üçün vacib olan neyromediatorların sintezində iştirak edir.

Mütəxəssislərin sözlərinə görə, müxtəlif və balanslaşdırılmış qidalanan insanların əksəriyyəti əlavə mənbələrə ehtiyac duymadan orqanizmin kifayət qədər B6 vitamini almasını təmin edə bilər.

N.Talıblı