İranın xarici işlər naziri Abbas Əraqçi Küveytdə baş verən dron hücumlarını şübhəli adlandırıb və hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Küveyt və İtaliya ilə birgə araşdırma aparmağa hazır olduqlarını bildirib.

“Bu hadisə şübhələr doğurur və müharibə üçün əvvəlcədən hazırlanmış ssenariyə bənzəyir. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Küveyt və İtaliya ilə əməkdaşlığa hazırıq”, – Əraqçi X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, İtaliya və Küveytin xarici işlər nazirləri ilə telefon danışıqları zamanı İtaliya vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

Daha əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə telefon danışığında Əraqçi İrana qarşı irəli sürülən ittihamları əsassız adlandırıb. O, İranın baş verən hadisəyə aidiyyəti olmadığını və buna görə məsuliyyət daşımadığını vurğulayıb.

Əraqçinin açıqlamaları İran Silahlı Qüvvələrinin ittihamları qəti şəkildə təkzib etməsindən sonra səsləndirilib.

“İran İslam Respublikasının Silahlı Qüvvələri regionda heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirməyib”, – İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbolfəzl Şekarçi bildirib.

Daha əvvəl Küveyt Müdafiə Nazirliyi İran dronlarının hücumu nəticəsində iki İtaliya vətəndaşının öldüyünü, daha iki nəfərin yaralandığını açıqlamışdı.

Nadir