İqlim dəyişikliyi gözlənilməz nəticəyə səbəb ola bilər: 2080-ci ilə qədər Böyük Britaniyada dünyanın ən sürətli canlıları hesab edilən şahinlərin (peregrin şahinləri) yaşaması üçün əlverişli ərazilərin sahəsi 73,5% arta bilər.

Bununla yanaşı, ağquyruq dəniz qartalları da daxil olmaqla, bəzi digər yırtıcı quş növləri üçün yaşayış şəraiti əksinə, əhəmiyyətli dərəcədə pisləşə bilər.

Azpost.info bildirir ki, Nottingem Universitetinin tədqiqatçısı Konor Panter Frontiers in Ecology and Evolution jurnalında dərc olunan araşdırmasında bu nəticələrə gəlib.

Alim iqlim dəyişikliyinin Böyük Britaniyada çoxalan 16 yırtıcı quş növünün yaşayış şəraitinə necə təsir edəcəyini qiymətləndirib. Bunun üçün o, iki iqlim modelindən – istixana qazlarının orta səviyyədə və yüksək həcmdə emissiyası ssenarilərindən istifadə edib.

Proqnozlara görə, emissiyaların yüksək olduğu ssenaridə 2080-ci ilə qədər şahinlər üçün əlverişli ərazilərin sahəsi hazırkı 110,3 min kvadratkilometrdən 191,3 min kvadratkilometrə qədər genişlənəcək. Orta emissiya ssenarisində isə bu ərazilərin sahəsi 2060-cı ilə qədər 40,6% arta bilər. Əlverişli ərazilərin genişlənməsi quşların yeni çoxalma məkanlarını mənimsəməsinə imkan yarada bilər. Lakin bu, öz-özlüyündə populyasiyanın artacağına zəmanət vermir. Bunun üçün qoruma tədbirləri də lazımdır.

Digər bəzi növlər üçün də əlverişli dəyişikliklər proqnozlaşdırılır. Yüksək emissiya ssenarisində 2080-ci ilə qədər çöl çökükburunlarının (harrier) yaşaması üçün uyğun ərazilərin sahəsi 41% arta bilər. Qızıl qartallar, kiçik və uzunqulaq bayquşlar, anbar bayquşları və bataqlıq çökükburunları üçün də yaşayış arealının genişlənməsi gözlənilir.

Lakin qlobal istiləşmənin təsirləri bütün növlər üçün eyni olmayacaq. Xüsusilə ağquyruq dəniz qartalı ciddi təhlükə ilə üzləşə bilər. Yüksək emissiya ssenarisində 2080-ci ilə qədər Böyük Britaniyada bu quş üçün əlverişli ərazilərin sahəsi 97,2% azalaraq hazırkı 2306 kvadratkilometrdən cəmi 65 kvadratkilometrə düşə bilər.

Bataqlıq bayquşları, qırmızı çalağanlar, kiçik şahinlər (merlin) və şahinlər üçün də yaşayış sahələrinin azalacağı proqnozlaşdırılır. Adi kanuklar, sərçəşahinlər və boz bayquşlar üçün isə ciddi dəyişiklik gözlənilmir.

Yırtıcı quşlar ekosistemlərdə mühüm rol oynayır. Onlar kiçik məməlilərin sayını tənzimləyir və biomüxtəlifliyin qorunmasına kömək edirlər. XX əsrin ortalarında bir çox yırtıcı quş növünün sayı orqanizmlərdə toplanan xlorüzvi insektisidlərin geniş istifadəsi nəticəsində kəskin azalmışdı. 1970-ci illərin ortalarından etibarən Avropa İttifaqında bu maddələrin istifadəsinin qadağan edilməsindən sonra bir çox yırtıcı quşun sayı bərpa olunmağa başlayıb.

Bununla belə, Böyük Britaniyada şahinlər hələ də təhlükələrlə üzləşirlər. Britaniya Ornitologiya Fondunun qiymətləndirməsinə görə, 1995–2024-cü illər arasında bu quşların ölkədə yuva quran populyasiyası 57% azalıb. Azalmanın səbəbləri arasında quşların qanunsuz təqib edilməsi, qida bazasının zəifləməsi və quş qripi göstərilir. Hazırda ölkədə təxminən 1750–1800 cüt şahin var.

Panter yırtıcı quşların qorunması üçün qanunsuz ov, tutulma və zəhərlənmə hallarına qarşı mübarizə aparılmasının, həmçinin elektrik xətləri və külək turbinləri ilə toqquşma riskinin azaldılmasının vacibliyini vurğulayıb. Təbii yaşayış mühitlərinin, ekoloji dəhlizlərin və qida bazasının qorunması da mühüm əhəmiyyət daşıyır.

Alim, həmçinin sakinləri iNaturalist kimi vəhşi təbiəti müşahidə proqramlarında iştirak etməyə çağırıb. Bu cür platformalar vasitəsilə insanlar növlərin yayılma arealındakı dəyişiklikləri izləməkdə tədqiqatçılara kömək edə bilərlər.

N.Talıblı