Ekvadorda Çimboraso vulkanının zirvəsində, dəniz səviyyəsindən 6277 metr yüksəklikdə şahmat oynayan iki amerikalı Ginnesin Dünya Rekordları Kitabına düşüb.
Azpost.info bildirir ki, bu barədə UPI məlumat yayıb.
32 yaşlı Adam Vininger və 44 yaşlı Coşua Host stolüstü və ya əyləncə oyununun ən yüksək hündürlükdə oynanılması üzrə rekord əldə ediblər. Rekord martın 31-də qeydə alınıb. “Bu, bizim sevimli oyunumuzdur. Dağın zirvəsində bu oyunu oynamağın özündə həqiqətən də möhtəşəm bir şey var”, – Vininger Ginnesin Dünya Rekordları Kitabının nümayəndələrinə bildirib.
Dostlar bir neçə ay əvvəl də Çimboraso zirvəsinə qalxmağa cəhd ediblər, lakin hava şəraiti onların zirvəyə çatmasına imkan verməyib. İkinci cəhd uğurlu olub və onlara dünya rekordu qazandırıb.
Amerikalılar əvvəlki rekordu təxminən 61 metr üstələyiblər. 2024-cü ildə britaniyalılar Tim Mou və Nil Lauton Nepalın Puta-Hyunçuli dağında 6215 metr yüksəklikdə stolüstü oyun oynayaraq rekord müəyyən etmişdilər.
Yeni rekordçular titullarını qorumaq niyyətindədirlər. Vininger bildirib ki, kimsə onların rekordunu qırarsa, onlar daha yüksəkliyə qalxaraq rekordu geri qaytarmağa çalışacaqlar. “Əgər kimsə nə vaxtsa bizi üstələsə, onun nəticəsini daha 61 metr artıraraq yenidən rekord qıracağıq. Hər dəfə belə edəcəyik”, – o söz verib.
Sunay Aydın