Amerikalı podoloqlar 60 yaşdan yuxarı insanlara ayaqqabı seçərkən diqqətli olmağı tövsiyə edirlər. Onların sözlərinə görə, rahat görünən və ayağı sıxmayan hər ayaqqabı sağlamlıq üçün uyğun deyil. Yaş artdıqca ayağın quruluşu dəyişir və ayaqqabı lazımi dəstəyi təmin etmədikdə tarazlığın itirilməsi, yıxılma riski yüksəlir.

Azpost.info xəbər verir ki, bu barədə “Parade” nəşri podoloqların açıqlamalarına istinadən yazıb. Mütəxəssislər düzgün ayaqqabının hansı xüsusiyyətlərə malik olmalı olduğunu izah edib, “Crocs” modellərinin kimlərə uyğun gəldiyini və hansı hallarda idman ayaqqabısına üstünlük verilməli olduğunu açıqlayıblar.

Yaş artdıqca ayağın quruluşu dəyişir

Mütəxəssislərin sözlərinə görə, bir çox insan hər gün eyni ayaqqabını geyinir. Ayaqqabı asanlıqla geyinilirsə, yumşaqdırsa və ayağı sürtmürsə, çoxları başqa model axtarmağa ehtiyac duymur. Lakin yaşla əlaqədar təbii dəyişikliklər əvvəlki ayaqqabı seçimini yararsız edə bilər. Zaman keçdikcə ayaqaltındakı piy qatı nazilir, əzələ və vətərlər gücünün və hərəkət qabiliyyətinin bir hissəsini itirir. Nəticədə insanın tarazlığını qoruması çətinləşir.

Həkimlər bu dəyişiklikləri təbii yaşlanma prosesi hesab edirlər. Buna görə də 60 yaşdan sonra ayaqqabı bədənin yükünün bir hissəsini öz üzərinə götürməli və ayağa lazımi dəstəyi verməlidir.

Yıxılma və sınıq riski artır

Podoloqların diqqət çəkdiyi əsas təhlükə yaşlı insanların tarazlığını itirərək yıxılmasıdır. Bu, hətta evdə adi hərəkət zamanı və ya pilləkənlə enərkən də baş verə bilər. Belə yıxılmalar ciddi xəsarətlərə və sümük sınıqlarına səbəb ola bilər.

Həkim Enn Şarki ayaqqabı seçərkən bir neçə xüsusiyyətə diqqət yetirməyi tövsiyə edir:

Ayağın tağını yaxşı dəstəkləyən içlik;

Daban üçün dərin və sabit yuva;

Sərt dabanlıq;

Ayağı ayaqqabının içində möhkəm saxlayan konstruksiya.

Dərin daban yuvası və sərt arxa hissə dabanı sabit saxlayır, yeriyərkən ayağın yana əyilməsinin qarşısını alır. Möhkəm fiksasiya isə ayağın ayaqqabının içərisində sürüşməsinə imkan vermir.

Yastıpəncələr hansı ayaqqabını seçməlidir?

Həkim Cerri Roberts ayaqqabının ayağın quruluşuna uyğun seçilməsini məsləhət görür.

Yastıpəncəli və ya həddindən artıq hərəkətli ayaqları olan insanlar üçün hərəkətə nəzarət edən modellər və xüsusi yerimə ayaqqabıları daha münasib ola bilər. Ayaqları daha sərt olan, orta və ya yüksək ayaq tağına malik şəxslər isə aşağı fiziki aktivlik zamanı yaxşı amortizasiya təmin edən ayaqqabılardan istifadə edə bilərlər.

Crocs, yoxsa idman ayaqqabısı?

Mütəxəssislər bildirirlər ki, “Crocs” markasının bəzi modelləri qeyd olunan tələblərə cavab verir. Belə ayaqqabılar evdə, bağ işlərində, alış-veriş zamanı və qısa gəzintilərdə istifadə üçün uyğun ola bilər.

Lakin gün ərzində daim hərəkətdə olan, evdən kənarda işləyən, şəhərdə çox gəzən və mağazalara tez-tez baş çəkən insanlara həkim Cerri Roberts etibarlı dəstəyi və ayağı möhkəm saxlayan rahat idman ayaqqabılarını tövsiyə edir.

Beləliklə, 60 yaşdan sonra ayaqqabı seçərkən yalnız yumşaqlığa və rahat geyinilməsinə deyil, ayağın dabanını və tağını nə dərəcədə dəstəkləməsinə, həmçinin yeriyərkən sabitliyi təmin etməsinə diqqət yetirmək vacibdir.

Sunay Aydın