Yağsız şirniyyat bişirmək mümkün deyil, lakin kərə yağı ilə bitki yağı xəmirə fərqli təsir göstərir. Kərə yağı ilə hazırlanan xəmir ovulan və xırçıldayan olur, özünəməxsus qaymaqlı ətir qazanır. Bitki yağı isə piroqu daha nəm və yumşaq edir, onun gec boyatlaşmasına kömək göstərir. Bu yağların sağlamlığa təsiri və kalorisi də fərqlidir.
Azpost.info xəbər verir ki, qida mütəxəssislərinin müqayisəsinə görə, bitki yağının kalorisi kərə yağından daha yüksəkdir. Onun tərkibi, demək olar ki, tamamilə yağdan ibarətdir: 100 qramında təxminən 884–900 kilokalori var. Yağlılığı 82,5 faiz olan kərə yağının tərkibində isə su və süd zülalları da mövcuddur. Buna görə onun 100 qramının kalorisi təxminən 717–748 kilokalori təşkil edir.
Lakin hazır bişmiş məhsulda bu fərq demək olar ki, aradan qalxır. Bitki yağı daha konsentrasiyalı olduğundan reseptlərdə adətən kərə yağı ilə müqayisədə 15–20 faiz az istifadə edilir. Nəticədə piroq və ya keksin ümumi kalorisi təxminən eyni olur.
Bədən çəkisinə daha çox təsir edən amil yağın özü deyil, şirniyyatda şəkər və ağ unun çoxluğu, eləcə də yeyilən porsiyanın ölçüsüdür.
Sağlamlıq baxımından hansı yağ üstündür?
Orqanizmə təsir baxımından keyfiyyətli bitki yağlarının üstünlükləri var. Kərə yağı təxminən 150°C temperaturda tüstülənməyə başlayır. Şirniyyat 180–200°C temperaturda bişirilərkən xəmirdəki digər inqrediyentlər onu qorumadığı halda yağ yana və zərərli birləşmələr əmələ gətirə bilər.
Rafinə edilmiş bitki yağı isə 200°C-dən yüksək temperaturda da davamlılığını qoruyur.
Kərə yağının tərkibində doymuş yağlar və xolesterin üstünlük təşkil edir. Orqanizmə az miqdarda bu maddələr lazım olsa da, onların müntəzəm və həddindən artıq qəbulu damarların sağlamlığına mənfi təsir göstərə, “pis” xolesterinin səviyyəsini yüksəldə bilər.
Zeytun, raps və yüksək oleinli günəbaxan yağlarında isə doymamış yağlar üstünlük təşkil edir. Bu yağlar ürək-damar sağlamlığını dəstəkləyir və iltihabi proseslərin azalmasına kömək edə bilər.
Ən zərərli seçim hansıdır?
Mütəxəssislər qənaət məqsədilə kərə yağı əvəzinə istifadə edilən marqarin və ucuz qənnadı yağlarını ən arzuolunmaz seçim hesab edirlər. Onların tərkibində sənaye üsulu ilə alınan transyağlar ola bilər. Bu yağlar iltihabi prosesləri və daxili orqanların ətrafında yağ yığılmasını təşviq edir.
Şirin xəmir işləri üçün rafinə edilmiş zeytun yağı, avokado yağı, raps yağı və yüksək oleinli günəbaxan yağı daha uyğun hesab olunur. Onların kəskin qoxusu olmadığı üçün vanil və darçının ətrini də üstələmir. Bundan başqa, yüksək temperaturda da öz xüsusiyyətlərini yaxşı qoruyurlar.
Kərə yağından tam imtina etmək lazımdırmı?
Resept kərə yağı tələb edirsə, ondan tamamilə imtina etmək vacib deyil. Məsələn, qum xəmirini və kruassanı maye bitki yağı ilə hazırlamaq mümkün deyil. Belə hallarda yağlılığı ən azı 82 faiz olan keyfiyyətli kərə yağı seçmək və yeyilən porsiyanın ölçüsünə diqqət yetirmək məsləhətdir.
Keks, maffin və biskvit hazırlayarkən isə yağın yarısına qədərini başqa məhsullarla əvəz etmək mümkündür. Bunun üçün şəkərsiz alma püresi, əzilmiş banan, yunan yoqurtu və ya balqabaq püresindən istifadə edilə bilər.
Belə əvəzetmə şirniyyatın kaloriliyini əhəmiyyətli dərəcədə azaldır və onun daha zərif, yumşaq olmasını təmin edir.
Sunay Aydın