Regional enerji təhlükəsizliyi məsələlərində mühüm mərhələdir və təbii ki, bu, Azərbaycanla qonşuları olan Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığı gücləndirir.
Bunu bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, planlar daha böyükdür: “Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istismar etmək istəyirik, bunun üçün isə təbii ki, bizə yeni kəmər lazımdır.
Mən deyərdim ki, XXI əsrin kəməri Cənub Qaz Dəhlizidir. 2020-ci ilin son günündə uğurla başa çatan Cənub Qaz Dəhlizi ümumi iradəmizi, komanda şəklində işləyə biləcəyimizi və böyük uğurlar qazana biləcəyimizi nümayiş etdirir. Dənizin dibi ilə bir çox ölkələri keçərək, yüksək dağları aşaraq keçən 3 500 kilometrlik vahid boru kəməri sistemi potensialımızın və dostluğumuzun nümayişidir. Ona görə də Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və ilkin mərhələdə regional əməkdaşlıq üçün çərçivə yaradan enerji layihələri indi qlobal enerji layihəsinə çevrilib. Cənub Qaz Dəhlizi bizim fəxr edə biləcəyimiz layihədir və eyni zamanda, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağından hasilatı artırmağa imkan verir və bu, baş verir. Və cəmi bir il beş aydır ki, Azərbaycan öz qaz ehtiyatlarını transformasiya etmək üçün bu tamamilə yeni model infrastrukturdan istifadə edir, lakin artıq o, öz milli resurslarımızla Avropa qitəsində mövcudluğumuzu genişləndirib”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan hasilatı və ixracı artıra bilib, ötən il Azərbaycan 22 milyon kubmetr təbii qaz ixrac edib: “Bu il üçün proqnozumuz 24 milyon kubmetrdir, gələn il isə daha çox olacaq. Hasilatdan, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yatağın işə düşməsindən asılı olaraq müxtəlif rəqəmlər ola bilər. Çünki bizim qaz potensialımız təkcə “Şahdəniz”lə məhdudlaşmır, digər yataqlar da çox perspektivlidir, onların bəziləri gələn il hasilata başlayacaq və bu, mühüm töhfə olacaqdır. Xüsusən də indi Azərbaycanın karbohidrogenlərinə tələbat əvvəlkindən daha çox olduğu bir vaxtda. Biz də məsuliyyətli ölkə olaraq bunu nəzərə alırıq və müxtəlif səbəblərdən çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. İndi də Azərbaycanın müvafiq strukturları getdikcə artan ölkələrlə daimi təmasdadır. Biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində işləyərkən kəmərin keçdiyi regionun bütün ərazisindəki ölkələrlə, o cümlədən beynəlxalq maliyyə institutları ilə, təbii ki, enerji şirkətləri və aparıcı ölkələrin hökumətləri, həmçinin Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq. Beləliklə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il fevral ayında Bakıda keçirilən illik toplantısı bu komanda işinin bariz nümunəsidir. Və bu ilin fevralın 4-də biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik iclasını keçirdik. Biz əslində elə bilirdik ki, planlarımızın böyük hissəsi artıq həyata keçirilib, Cənub Qaz Dəhlizi artıq fəaliyyətdədir. İndi bizə yalnız yeni körpüləri necə tikmək, yeni əlaqələri və interkonnektorları necə qurmaq və Avropa qaz bazarında mövcudluğumuzu necə genişləndirmək üzərində işləmək lazımdır”.