Prezident Forumda Rusiya ilə münasibətlərdən danışdı:"Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilər"

Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı moderatorun “Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Mən anlamağa çalışıram ki, Sizin ölkənizin siyasəti hansı yöndədir?” sualını cavablandırıb.

Dövlət Başçısı cavabında “bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir“-bildirib.

“Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür”-deyə Prezident vurğulayıb.

“Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik”-deyə Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir: “Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır”.

Əvvəlki məqalə

“Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq”-

Sonrakı məqalə

“Rusiya-Ukrayna müharibəsi başlayandan qazla bağlı 10 ölkədən müraciət almışıq” –