Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma qəbiristanlıqda və türbədə aparılan abadlıq, bərpa və təmir işləri barədə məlumat verərək dedi:
– Cənab Prezident, ümumilikdə bu, Nəsiminin qardaşı Şahi Xəndanın xatirəsinə Şahxəndan qəbiristanlığı adlanır. Qəbiristanlıqdakı bu ərazi kənarda gördüyünüz məhəccərlərlə hörülü idi. Biz əhali ilə fərdi söhbət apardıq, xahiş etdik, icazə aldıq, məhəccərləri sökdük və ərazini abadlaşdırdıq.
Prezident İlham Əliyev: Görürəm, abadlaşdırılıb, qədim məzarlardır.
Tahir Məmmədov: Bunlar qədim məzarlardır. Bu məzarların hamısını torpağın altından çıxartdıq.
Prezident İlham Əliyev: Neçənci əsrə aiddir?
Tahir Məmmədov: Ümumilikdə Şahi Xəndanın qəbri XIV əsrə aiddir və bu qəbiristanlıq o dövrdən mövcuddur.
Prezident İlham Əliyev: Şəhər qəbiristanlığı kimi istifadə olunur?
Tahir Məmmədov: Bəli, hələ də istifadə olunur. Əlavə yerlər var. Şamaxıda bu cür iki böyük qədim qəbiristanlıq var. Bu, və Yeddi günbəz qəbiristanlığı, hansında ki şahın ailə üzvləri dəfn olunubdur. Abadlıq işlərindən sonra burada belə bir genişlik yaranıb.
Prezident İlham Əliyev: Görürəm, bu əraziyə əl gəzdirilib.
Tahir Məmmədov: Biz indi fərdi şəkildə söhbət aparırıq ki, bütün bu məhəccərləri ərazidən götürək və ərazi bu cür açılsın. Arxada da çox qədim qəbirlər var, turistlər rahat keçib oraya da baxa bilsinlər. Buraya xaricdən çox turist gəlir və buranın energetikası üçün bu binaya toxunurlar, gəzirlər.
Cənab Prezident, gəldiyimiz bu yol əvvəlcə asfalt idi. Abidənin təxminən müəyyən hissəsi gördüyümüz hündürlükdə torpaqla örtülü idi. Biz avstriyalı bərpaçı-memar Erik Pumerin tövsiyələri və onun təlimatı əsasında bu işləri apardıq, Heydər Əliyev Fondunun dəstəyi ilə. Birinci təlimat bundan ibarət idi ki, biz abidəni sudan azad etməliyik və bura gördüyümüz səviyyəyə – abidənin bünövrəsindən də aşağıya qədər qazıldı.
Prezident İlham Əliyev: Qapının da bir hissəsini torpaq örtmüşdü.
Tahir Məmmədov: Bəli, örtmüşdü və çöldən sular içəri sızırdı və orada rütubət çox idi. Ona görə binanın tam konservasiyasına qədər təlimat üzrə üstünü belə örtülü saxlayacağıq. Konservasiya olunana qədər daşların içi qurumalıdır. Türbənin içi havalandırma sistemi ilə qurudulur. Binanın ətrafında torpaq uçqunlarının qarşısını almaq üçün istinad divarları hörüldü. Memarların təklifi ilə biz binanın eskizini turistlər üçün əyani olsun deyə səkkiz guşəli ulduz formasında yerə həkk etdik.
Prezident İlham Əliyev: Yəni, bu, binanın yuxarıdan görünüşüdür.
Tahir Məmmədov: Bəli, ortası da bu cür dairəvidir.
Mehriban Əliyeva: Yəqin ki, bərpa davam edəcək?
Tahir Məmmədov: Bəli, konservasiya davam edəcək. Daşlar quru olmadığına görə hələ içərisini bərpa etməmişik.
Mehriban Əliyeva: Quruyandan sonra iş davam edəcək?
Tahir Məmmədov: Bəli, davam edəcək.
x x x
Dövlətimizin başçısı və birinci xanım türbənin içərisinə daxil oldular.
x x x
Mehriban Əliyeva: Burada bir neçə məzar var?
Tahir Məmmədov: Burada iki məzar var. Mülahizələrə görə, biri Nəsiminin qardaşı Şahi Xəndanın qəbridir. Digəri isə bir qadının qəbridir, anasının, yaxud da onun nişanlısının olması ehtimalı var.
Prezident İlham Əliyev: Orada nə yazıldığı bəllidir?
Tahir Məmmədov: Hazırda bizim alimlərimiz onu araşdırırlar.
Mehriban Əliyeva: Yuxarı da yaşıldır.
Tahir Məmmədov: Bəli, tavanı tamamilə mamır örtmüşdü. İndi daşlar quruyub, gözlə görünür. Yaza, yaya qədər qurutma prosesi davam etməlidir.
Prezident İlham Əliyev: Bura mühafizə olunmalıdır. Gözətçilər var?
Tahir Məmmədov: Bəli, gözətçilər var.
Mehriban Əliyeva: Yəqin ki, məzarlar da torpağın altında olub, üstünü su örtüb.
Tahir Məmmədov: Torpaqdan içəri daim su sızırdı. Ona görə bu məzar daşları rütubətdən kövrəlib qırılıb. Həmin təlimat üzrə arxa tərəfdə, bünövrədən yuxarı xüsusi işlər görülüb. Orada heç bir sementdən və başqa materialdan istifadə olunmayıb.
Prezident İlham Əliyev: Bu da səkkizguşəli ulduzdur. İndi gərək alimlər gəlib bu yazıların tərcüməsini bizə təqdim etsinlər.
Tahir Məmmədov: Sovetlər dönəmində bura bir dəfə bərpa olunub. O vaxt sementdən, digər materiallardan istifadə ediblər, hansı ki bu, uyğun deyil. Cənab Prezident, bu, Sizin bizə ilk tapşırıqlarınızdan biri idi. Təbii ki, çalışırıq çox məsuliyyətlə və həssas yanaşaq. Tapşıranda da demişdiniz ki, müasir standartlara uyğun konservasiya etmək lazımdır.
Prezident İlham Əliyev: Yaxşı ki, siz xarici mütəxəssisləri bu işlərə cəlb etmisiniz. Deyəsən, həmin şirkət Qız qalasının da konservasiyası ilə məşğul olub?
Mehriban Əliyeva: Bəli, Avstriyanın.
x x x
Dövlətimizin başçısı və birinci xanım türbənin önündə şəkil çəkdirdilər.
x x x
Prezident İlham Əliyev: Burada da qədim məzarlar var. Turistlər buraya gəlirlər?
Tahir Məmmədov: Bəli, turistlər çox gəlirlər. Nəsimi festivalında xaricdən Nəsimi irsini araşdıran alimlər çox gəlmişdilər. Türbəyə çox böyük məhəbbətlə, diqqətlə yanaşdılar.
Prezident İlham Əliyev: Bura çox yaxşı abadlaşdırılıb.
Tahir Məmmədov: Cənab Prezident, indi Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıdakı tarixi Gülüstan qalasının bərpası layihəsinin üzərində iş gedir. Bu işi də Avstriyadan olan bərpaçı alimlər görürlər. Artıq 3D skan prosesini bitirib, indi modelini hazırlayırlar. Sonra isə bərpa prosesi nəzərdə tutulur.
x x x
Prezident İlham Əliyev təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.