Prezident seçkilərinin monitorinqi üçün QHT koalisiyası yaradılıb

7 fevral 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkanar seçkilərinin monitorinqinin keçirilməsi məqsədilə “Seçki Müşahidə və Təhlil Qrupu” adlı koalisiya yaradılıb.

Koalisiya Rafiq İsmayılovun rəhbərlik etdiyi Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz, Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı və Osman Gündüzün rəhbərlik etdiyi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 20 dekabr 2023-cü il tarixində təsis edilib.

Koalisiya tərəfindən aparılacaq monitorinq namizədlərin seçkiqabağı kampaniyalarının təşviqatı, elektron, çap media resursları, eləcə də sosial şəbəkələr tərəfindən seçki qanunvericiliyinə riayət olunması, siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin sayı, seçicilərin iştirakı, seçki günü ərzində baş verən pozuntuların qeyd olunması, seçki prosesinə aid digər mühüm aspektlərini əhatə edəcəkdir.

Fəaliyyət planına əsasən, seçki günü ərzində Koalisiya tərəfindən keçiriləcək monitorinq Bakı şəhəri daxil olmaqla ölkənin 60 seçki dairəsini əhatə edəcəkdir. Bu məqsədlə 1000-dən artıq könüllünün cəlb olunması, onlar üçün müvafiq təlimlərin hazırlanması planlaşdırılır. Fəaliyyət zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası və Avropa Birliyinin Bakıdakı nümayəndəlikləri, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi planlaşdırırlır. Monitorinqin ilkin və yekun nəticələrinə dair hesabatlar ictimaiyyətə, hökumətə, xarici və beynəlxalq təşkilatlara təqdim olunacaqdır.

Beləliklə, görüləcək fəaliyyət nəticəsində Azərbaycanda keçiriləcək seçkilərin real mənzərəsi təsvir olunaraq, seçki prosesinin daha da təkmilləşdirilməsi məqsədilə tövsiyələrin təqdim olunması vasitəsilə ölkəmizin demokratikləşməsinə töhfə veriləcəkdir. Koalisiyanın qeydiyyata alınması ilə bağlı MSK-ya müraciət olunub.

Əvvəlki məqalə

Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncəyə gətirilib

Sonrakı məqalə

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi naharında iştirak edib