Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər. Məlumat verilib ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.
Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb. Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək. Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb. Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib. ** Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması və ilk “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.