Çexiyanın keçmiş prezidenti Miloş Zeman Rusiya lideri Vladimir Putinə müsbət münasibətini siyasi karyerasında ən böyük səhv adlandırıb.
Azpost.info xəbər verir ki, o, bu barədə Çexiyanın “Nova” telekanalının efirində bildirib.
Müsahibəsində Zeman etiraf edib ki, o, Ukraynanı işğal etməklə faciəvi səhvə yol vermiş Putini lazımi səviyyədə qiymətləndirməyib.
Zeman Putini yanlış başa düşməsindən təəssüfləndiyini bildirib. “Yalnız ağılsız bir insan Ukraynanı işğal etmək kimi faciəvi səhvə yol verə bilər”, – o deyib.
Sabiq prezident Kreml rəhbərinin bu qərarının təkcə Ukraynaya deyil, Rusiyanın özünə də ziyan vurduğunu bildirib.
“Bəziləri məni Rusiya agenti adlandırsalar da, mən hesab edirəm ki, biz Ukrayna ilə həmrəy olmalıyıq. Təcavüz Rusiyanın maraqlarına ziddir”, – Zeman qeyd edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Zeman Moskva ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı idi və Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edirdi.
Azpost.info