“Qəfildən “sevirəm” deyib qaçdım…Mənə görə haqsızlıqlara məruz qalıb” –Anar həyat yoldaşından yazdı

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar həyat yoldaşı, akademik, Əməkdar incəsənət və Əməkdar elm xadimi Zemfira Səfərovanın doğum günü ilə bağlı yazı yazıb. 

Azpost.info həmin yazını oxucularına təqdim edir:

“Səfərova Zemfira Yusif qızı – Azərbaycanda musiqi mənbəşünaslığının əsasını qoyan araşdırıcı, Ü.Hacıbəylinin musiqi əsərlərini nəşrə hazırlayan, redaktə edən, onlara ön söz yazan, böyük bəstəkarın yaradıcılığının ardıcıl tədqiqatçısı, üzeyirşünas, akademik, Əməkdar incəsənət və Əməkdar elm xadimi, musiqimizin və musiqi elmimizin tarixçisi, 60-a qədər kitabın müəllifi, əsərləri Azərbaycanda, Moskvada, Türkiyədə çap olunmuş, bir çox xarici ölkədə çıxışlar və məruzələr etmiş musiqişünas”.

Bu məlumatlar ensiklopediyalardan, müxtəlif soraq kitablarından, biblioqrafiyadandır. Amma bu bilgilər arasında bir şey qeyd olunmur: Zemfira xanım mənim həyat yoldaşımdır, övladlarımın – oğlumun və qızımın anasıdır.

Zemfirayla 72 il bundan qabaq tanış olmuşuq. Yəni ömrümüzün yalnız ilk yeddi ilini bir-birimizdən xəbərsiz yaşamışıq.

1945-ci ilin payızında indi Bülbülün adını daşıyan musiqi məktəbinə daxil oldum. Məktəbin Azərbaycan bölməsində rus bölməsiylə müqayisədə şagirdlərin sayı dəfə-dəfə az idi.

Bizim sinfimiz beş-altı oğlandan və üç qızdan ibarət idi. Qızlardan biri Zemfiraydı. Onu ilk dəfə 45-ci ilin sentyabrında, ikimizin də yeddi yaşı olanda gördüm və görən kimi dərhal qərar verdim ki, böyüyəndə mütləq onunla evlənəcəm. Bu qərarımı 17 ildən sonra həyata keçirdik. Toyumuz 1962-ci ilin 27 yanvarında baş tutdu.

Bu iki tarix arasında – on məktəb illəri – gah küsüşür, gah barışırdıq. Nə üçün küsüşdüyümüz və nə sayaq barışdığımız yadımda qalmayıb. Yəqin ki boş bir şey üstündə imiş. Yoxsa ailə qurmazdıq ki… Küsülü olanda bir-birimizə “o adam” deyirdik. “O adam bu gün yenə beş alacaq”… “O adam dərsi evdə əzbərləyəndən sonra özünü bizə elə göstərir ki, guya kitabı indicə vərəqləyib öyrənib”. Qızların bu son atmacası, əlbəttə, mənə aid idi.

Dəniz dalğaları kimi illər illərin üstünə gəlirdi, yaşımız artdıqca daha küsüb-barışmırdıq. Şübhəsiz, nə mən ona eşqimi bəyan etmişdim, nə o mənə meyl etdiyini bildirmişdi. Sadəcə sinif yoldaşlarıydıq. Zemfira birinci sinifdən sonuncu sinfə qədər bütün dərslərdən əla qiymətlər alırdı. Mən isə… Coğrafiyanı çox sevirdim, ədəbiyyatdan, tarixdən yaxşı oxuyurdum. Riyaziyyat müəllimimiz elə hesab edirdi ki, mənim xüsusi riyazi qabiliyyətim var. O ki qaldı kimyaya, fizikaya, astronomiyaya, bu dərslərdə mən yalnız böyük alimlərin – kimyaçıların, fiziklərin, astronomların tərcümeyi-hallarını danışaraq birtəhər canımı qurtarırdım. Amma əsl müsibət mənimçün musiqi dərsləri idi. Harmoniya və solfecio dərsləri cəhənnəm əzabıydı. İndiyəcən hərdən-birdən vahiməli yuxularımda iki musiqi akkordunu bir-birindən ayıra bilmədiyim üçün müəllimənin dəhşətli səsini eşidirəm: “Ənar, sən axı niyə kvartsekstakkordla sekstakkordu ayıra bilmirsən?”.

Bu tənbeh o qədər təkrar olundu ki, axırı bir gün dözməyib: “Əgər siz mənim adımı Anar yox, Ənar deyirsinizsə, mən də sekstakkordla kvartseksakkordu çaşdırıram da…”

Amma indi mənə məzəli görünən bu problemin çox ciddi və təhlükəli tərəfi də vardı. Yuxarı siniflərdə – doqquzuncu-onuncu siniflərdə məndən heç vədə musiqiçi çıxmayacağı bəlli oldu və bununla bağlı ciddi problem meydana gəldi. Musiqi dərsləri keçmədən musiqi məktəbində oxumaq olmazdı. Musiqi məktəbindən ayrılmaq isə Zemfiradan ayrılmaq deməkdi. Bu məsələ məni ciddi şəkildə əndişələndirir, yuxumu qaçırırdı. Fəqət bu məqamda tale sevimli bibim Sura xanımının simasında imdadıma çatdı. Bibimin Maarif Nazirliyində tanışları vardı və onların vasitəsilə mənim 10-cu sinifdə musiqi dərsləri keçmədən bu məktəbdə qalmağıma icazə ala bildi. Bu isə ikiqat səadət idi. Birinci ona görə ki, musiqi dərslərindən canım qurtarırdı, ikinci (əslində birinci) də ona görə ki, əvvəlki tək hər gün Zemfiranı görəcəkdim. Özü də kvartsektakkorda sekstakkordun sınağından çıxmadan.

Nəhayət, 1955-ci ilin yazında məktəbi bitirdik. Anam evdə yemək hazırladı, sinif yoldaşlarımı dəvət etdim. Zemfira da ilk dəfə evimizə qonaq gəldi.

Həyatın qəribə oyunlarından bir faktı da qeyd edim. Valideynləri Zemfiranı da böyük bacısı Elmira kimi musiqi məktəbinin rus bölməsinə vermək istəyirlərmiş. Təsadüf nəticəsindəmi, taleyin hökmüyləmi rus bölməsi dolmuşmuş, boş yer qalmayıbmış. Beləliklə, Zemfira Azərbaycan bölməsinə daxil olur. Bəzən düşünürəm, Zemfira rus bölməsində oxusaydı, yəqin ki, ömürlərimiz birləşməyəcəkdi. Ümumiyyətlə, Zemfira özü də mentaliteti etibarıyla tamam başqa bir şəxsiyyət kimi formalaşacaqdı.

Orta məktəbi bitirdikdən sonra mən Universitetin filoloji fakültəsinə, Zemfira Konservatoriyaya daxil olduq…

Yollarımız ayrılırdı, gələcək ünsiyyətimiz nə sayaq ola bilərdi. Təsadüfən küçədə rastlaşanda: – Salam, nə var, nə yox? – Sağlığın – Necəsən? – Yaxşı, sən necəsən? – Mən də yaxşı.

Vəssəlam?! Yox, əlbəttə, buna yol vermək olmazdı.

Məktəbi bitirəndə Zemfiranı da, məni də medala təqdim etmişdilər. Yenə də Surə bibimin vasitəsiylə bildim ki, yazılarımızda xırda bir yanlışlığı bəhanə edib mənə qızıl yox, gümüş medal verirlər, Zemfira isə ümumiyyətlə, medal almır. Qızıl medalı rus bölməsindən bir qıza verirlər. Bu çox böyük haqsızlıq idi, axı dediyim kimi, on il bütün dəsrlərdən yalnız əla qiymətlər almışdı.

İyunun 5-də o vaxt musiqi məktəbinin də yerləşdiyi Konservatoriyanın qarşısındakı pilləkanlarda Zemfirayla görüşdük. Bu bəd xəbəri ona mən verməli oldum, sonra isə birnəfəsə onu sevdiyimi etiraf etdim. Cavab gözləmədən onu belə bir vəziyyətdə qoyub qaçıb getdim. Güman edirəm ki, onu şoka salmışdım. Həyatında qarşılaşdığı ilk haqsızlığın sarsıntısı və ilk dəfə eşitdiyi eşq etirafının gözlənilməzliyi onu şoka salmaya bilməzdi.

Üç gün keçdi, nə bir xəbər-ətər, nə telefon zəngi… İyunun 8-də özüm ona zəng etdim. – Evinizin yanındayam – dedim, – aşağı düşə bilərsən? On dəqiqə sonra aşağı düşdü. Nə mənim ona dediyim sözlər, nə onun cavabı yadımda deyil, elə bil, hər şeyi duman içində görür və duyurdum. Bircə onu dərk etdim ki, cavabı “yox” olmadı. Çox-çox illər sonra etiraf etdi ki, o da (necə deyim ki, qeyri-təvazökar çıxmasın) bir sözlə mənə biganə deyilmiş və hətta haçansa evlənəcəyimizi zənn edirmiş. Amma o gün, iyunun 8-də mən yenə də qaçıb getdim. Axı lap sütül cavanlar idik.

Valideynlərim bağda idi, mən Surə bibimgildə qalırdım. Onların mənzillərində bütün divarların əlim çatan yerlərinə “8 iyun 1955” tarixi yazmışdım.

Görüşməyə başladıq. Birlikdə baxdığımız ilk film o illərdə çox məşhur olan Lolita Torresin çəkildiyi “Məhəbbətin yaşı” adlı Argentina filmi idi.

Qərara gəldik ki, məktəbdə keçməyə başladığımız ingilis dilini mükəmməl öyrənək. Məktəbdə bizə ingilis dilindən dərs deyən Arkadi Lvoviç Perelmanın yanına gəldik, niyyətimizi bildirdik. Yəhudi dəqiqliyiylə: Həftədə iki dəfə sizə evdə dərs keçəcəm, – dedi – amma dərsləri buraxdığınız günlərin də hesabını ödəməli olacaqsınız.

Bu məsələnin ingilis dilinə məhəbbətimizdən savayı xoş tərəfi o idi ki, Zemfira həftədə iki dəfə axşam evdən rahatlıqla, sorğu-sualsız çıxa bilirdi.

Beş-altı dərsə həvəslə getdik. Günlərin bir günü: Nizami kinoteatrında maraqlı film göstərirlər – dedim – gəlsənə bu dərsi buraxaq. Bir qədər tərəddüddən sonra razılaşdı. Beləliklə, daha bir neçə dəfə dərs əvəzinə kinoya getdik, amma sonra qərara gəldik ki, oxumadığımız dəsrlərin hesabını ödəmək israfçılıqdır. Bizim ingilis dilini mükəmməl öyrənmək təşəbbüsümüz belə bitdi. İndi mən ingilis dilində beş-altı kəlmə bilirəm, Zemfira səkkiz-doqquz kəlmə bilir. Bu kəsirimizi xarici səfərlərdə daha çox hiss edir, təəssüflənirik. Kim bilir, bəlkə, bulvara, ya kinoya getməkdənsə dərs almaq daha yaxşı olardı. Bəlkə də, əksinə…

Qəribə gəlsə də, mən o vaxtlar çox da kino həvəskarı deyildim. Zemfira deyir ki, kinoya səni mən alışdırdım. Doğrudan da sonralar kino sənətinə peşəkarcasına bağlandım. İki il Moskvada ssenari kurslarında oxudum. İki il Zemfirayla Moskvada yaşamalı olduq. Bakıda Vaqif küçəsi 30 ünvanlı yarızirzəmi mənzilimiz kimi Moskvadakı kirayə otağımız da dostlarımızın toplaşdığı ünsiyyət və təmas məclisləriydi. Çox illər sonra mən İstanbulda Memar Sinan Universitetində bir neçə ay ərzində Azərbaycan ədəbiyyatından dərs dediyim zaman ordakı mənzilimiz də ordakı dost-tanışlarımızla dolu olardı. Və Bakıda da, Moskvada da, İstanbulda da belə xeyli zəhmət tələb edən məclislərin yükünü usanmadan, deyinmədən çəkməsi Zemfiranın daha bir nəcib xüsusiyyətidir. Ömrümüzün bu unudulmaz günləri, dost görüşləri barədə Zemfira “Ardı yaşanılır” adlı xatirələrində müfəssəl yazdığına görə mən bu məsələnin üstündə durmuram. Həm də bu mövzuda yazmaq mənimçün ağırdır – axı durub-oturduğumuz dostlarımızın çoxu artıq həyatda yoxdur.

İnsan keçmişə boylananda daha çox işıqlı məqamları xatırlayır. Amma bu illərdə ağrı-acılarımız da az olmayıb.

Bu illərdə Zemfira da, mən də valideynlərimizi itirdik.

Zemfirayla birlikdə onun böyük bacısı Elmiranın, kiçik qardaşı Çingizin matəmini yaşadıq.

Ədalətsizliklə, haqsızlıqla üzləşdik. Haçansa mən hətta “Kirpi” jurnalının tikanlı istehzasına hədəf olmuşdum. Zemfiranın bu zərbəni necə ağır keçirdiyini gördüyüm üçün qərara gəldim ki, bundan sonra mənə olan hücumlardan onun xəbər tutmasına imkan verməyəcəm. Amma mənə ağır gələn odur ki, bəzən məhz mənim ucbatımdan Zemfira da haqsızlıqlara məruz qalıb. Mənim o vaxt çox nüfuzlu bir adama cavab qaytarmağımın bədəlini həyat yoldaşım ödəməli oldu. Zemfiranın Akademiyaya müxbir üzv seçilməsinin qarşısı ən kobud şəkildə alındı. Doğrudur, sonralar ədalət bərpa olundu, növbəti seçkidə seçildi, amma bunun hansı əzabların, əsəb gərginliyinin, yuxusuz gecələrin, bədbin fikirlərin hesabına olduğunu MƏN bilirəm. Başqa bir səfər yenə də məndən nəyinsə qisasını almaq istəyənlər Zemfiranın akademik seçilməsinə mane oldular. Yenə də ədalət gec-tez qalib gəldi. Amma niyə axı gec? Bütün şüurlu ömrünü elmə həsr etmiş “günahsız müqəssirin” nə suçu vardı? Bəlkə də, yubiley yazısında bu giley-güzarın yeri deyil. Bir də ki, dünyanın beş günü qaradırsa, işıqlı, sevincli günləri daha çoxdur. Çox yaxın dostlarımızı, yaxınlarımızı, əzizlərimizi itirdik. Amma şair demişkən, “dünya bir yandan boşalır, bir yandan dolur”.

Bir yandan ağır itkilərin acısı, bir yandan Turalımızın, Günelimizin dünyaya gəlmələriylə bizə bəxş edilən bəxtiyarlıq. Dörd kərə baba-nəvə olmaq sevinci və Allahın böyük lütfü – bizi ulu baba-ulu nənə mərtəbəsinə ucaldan nəticələrimiz – Muradla Sevinc.

Tale bizə həyatımızın ən böyük qürurunu yaşamağı da qismət elədi. Uzaq gəncliyimizin munis xatirələriylə bağlı Şuşamızın azad edilməsini gördük. Bu zəfərin fərəhini Zemfira tarixi qələbəmizdən dərhal sonra yazıb çap etdirdiyi “Şuşa – Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində) kitabıyla qeyd etdi.

Həyatın bütün keşməkeşlərindən birgə keçdiyim ömürdaşım haqqında hələ çox söz yaza bilərdim.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
525-ci qəzet.
Əvvəlki məqalə

Qazaxda azyaşlı qızın toy mərasiminin qarşısı alınıb –

Sonrakı məqalə

“Ukraynanın taxıl ixracı problemini ABŞ ordusu həll edə bilər” –