“Qanunla ƏDV ləğv olunubsa nə üçün yenə 18 faiz tutulur?” –Şahbaz Xuduoğlu Baş nazirə müraciət etdi

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Baş nazir cənab Əli Əsadova müraciət edib.
Azpost.info bildirir ki, Ş.Xuduoğlunun müraciəti  kitab üzərində hələ də qanunsuz olaraq ƏDV-nin saxlanılması ilə bağlıdır. Onun sözlərinə görə, ölkəyə gətirilən hər növ kağız və kitablardan gömrükdə 18 faiz daha çox ödəməyə məcburdurlar. “Eləcə də, kitab dükanlarında hər satlan kitabın qiymətindən 18 faiz ödənilir. Qanuna görə yanvar ayının 1 dən kitaba aid nə varsa, hər növ kağız və kitab satışı 18 faizdən azad olmalı idi. Göründüyü kimi qanuna əməl edilmir. Baş nazirdən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”.
Məktubda deyilir:
Hörmətli cənab Baş nazir!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 1.59.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 164.1.7-ci və 164.1.8-ci maddələri (Maddə 164.Vergi ödəməkdən azad edilmə) yeni redaksiyada verilmişdir. Bununla da həmin Qanunun 2.7-ci maddəsinə uyğun olaraq 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu dəyişikliyə əsasən:
1) “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı”;
2) “164.1.8. mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)” cari ilin əvvəlindən ƏDV-dən azad edilmişdir.
Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Fərmanının 2, 2.1 və 2.1.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində həmin Məcəllənin 164.1.7-ci maddəsinə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılmışdır.
Göründüyü kimi, ƏDV-dən azadolma ilə bağlı qanunun tətbiqi 2022-ci il yanvarın 1-dən nəzərdə tutulsa da, 164.1.7-ci maddədəki siyahı tələbi və fərmandakı müvafiq göstəriş bunu qeyri-mümkün etmişdir. Digər tərəfdən, artıq 4 ay keçməsinə baxmayaraq, Nazirlər Kabineti sözügedən siyahını təsdiq də etməmişdir. Bu səbəbdən mövcud qeyri-müəyyənlik hələ də ƏDV ödəməli olan nəşriyyat-poliqrafiya və kitab satışı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üçün çaşqınlıq yaratmışdır.
Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.7. və 164.1.8-ci maddələrinin tətbiqi məsələsinə aydınlıq gətirilməsini Sizdən xahiş edirik.
Hörmətlə,
“Qanun Nəşriyyatı”nın direktoru:
Şahbaz XUDUOĞLU
Əvvəlki məqalə

Şeyxülislam “Qurani-Kərim”in yandırılmasını pisləyib

Sonrakı məqalə

Rusiya “Azovstal”dan qoşunlarını geri çəkir