“Qarabağ”da oyunu həll edən futbolçu yoxdur…”Neftçi” böyük dərddir” –Ağasəlim Mircavadov

“Futbol qanunlarından biri də odur ki, komandanın oyunu varsa, zədəli və ya cəzalı futbolçular olsa da, ənənəvi oyunu göstərə bilirlər. “Qarabağ”da da belə oldu. Bir neçə aparıcı futbolçusu meydana çıxmasa da, fərqi o qədər də hiss etmədik. Çünki “Qarabağ”ın öz oyunu var”.

Azpost.info bildirir ki, bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Ferentsvaroş”la keçirilən oyunu (1:1) haqda danışarkən deyib.

“Qarabağ”ın rəqibdən üstün olduğunu bildirən təcrübəli mütəxəssis Ağdam klubunun yaxşı hücumçuya ehtiyacı olduğunu da qeyd edib:  “Oyunda barəbərlik oldu, amma mən heyfsləndim. Çünki “Qarabağ”ın qol epizodları çox oldu. Bu vəziyyətlərdən yararlanmaq lazım idi. “Qarabağ” bu oyunu udmalıydı. Hərtərəfli rəqibdən üstün idi. Açıq deyək ki, “Qarabağ”da oyunu həll edən futbolçu yoxdur. Hücumçunun qol vurmaq keyfiyyəti olmalıdır. Ümumiyyətlə, son illər Avropada yaxşı hücumçu az yetişir. “Qarabağ”a fərdi hücumçu keyfiyyətləri üstün olan oyunçu lazımdır. Amma “Ferentsvaroş”la oyunda yaxşı çıxış etdilər. Müdafiə xətti də inamlı idi. Qol buraxsalar da, bu, səhvdən olmadı. Ümumiyyətlə, “Ferentsvaroş” ancaq standart vəziyyətlərdə “Qarabağ”a təhlükə yarada bilirdi. Ancaq təcrübəli, yaxşı futbolçuları var. Hava toplarında yaxşı idilər”.

Mircavadov “Qarabağ”ın mərhələni keçəcəyinə inandığını bildirib: “Qarabağ” cavab matçında da öz oyununu dəyişməyəcək. Bu komandanın elə oyun sistemi var ki, rəqibin və ya məkanın fərqi yoxdur. Bu oyun sistemi ilə oynayırlar və uğur qazanırlar. Səfərdəki görüşdə “Qarabağ”a təkcə buradakı azarkeş dəstəyi çatmayacaq. “Ferentsvaroş” Bakıda “Qarabağ”a problem yarada bilmədi. Orada necə oynayacaqlar, bilmirəm. “Qarabağ” səfərdə çox rahat oynayır. Mən inanıram ki, “Qarabağ” bu mərhələni keçəcək”.

Millimizin sabiq baş məşqçisi “Neftçi” haqda nikbin danışmayıb. O, “ağ-qaralar”ın Konfrans Liqasının son iki matçında qalib gəlməsinə baxmayaraq, komandada oyun keyfiyyətinin aşağı olduğunu deyib: “Neftçi” böyük dərddir. Yalnız istəklə nəsə etmək olmaz. 1-2 oyun uda bilərsən, amma çox qabağa gedə bilməzsən. “Neftçi”də problemlər çoxdur. Müdafiə və orta xətdə problemlər görünür. Komandanın beyni orta xətdir. “Neftçi”də istək var, amma keyfiyyət çox aşağıdır. “Rapid”lə matçın ikinci hissəsində oyunu əks hücumdan qurdular, amma nəsə edə bilmədilər. Rəqibdə isə çoxlu qol vəziyyəti oldu. Qapıçımız iki real qola imkan vermədi”.

A.Mircavadov “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Rapid”ə qalib gəlməsinə (2:1) baxmayaraq, mərhələ keçməyin çətin olacağını qeyd edib: “Ümidliyəm, amma səfərdə ağır olacaq. Hesab 2:0 olsaydı, ümidimiz çox olardı. Komandada xarakter olmalıdır ki, vəziyyətdən çıxa bilsinlər. Ümid həmişə var. Amma indiki halda “Neftçi”nin vaxtı azdır. “Neftçi”nin “Rapid”lə oyununu bəyənmədim. Yaxşı oynamadılar. Mən heç vaxt hesaba baxmıram. Söhbət oyun keyfiyyətindən gedir. Keyfiyyət olanda, nəticə də gəlir”.

Əvvəlki məqalə

Latviya Rusiya vətəndaşları üçün viza müraciətlərinin qəbulunu dayandırıb

Sonrakı məqalə

“Avqustun 25-nə qədər Laçını tərk etməliyik” –