ABŞ-ın keçmiş dövlət katibi müavini, Bill Klinton administrasiyasının xarici siyasət komandasının aparıcı simalarından biri Stroub Telbot 81-ci ilində vəfat edib.

Azpost.info bildirir ki, “The New York Times” qəzetinin məlumatına görə, Telbot cümə axşamı ABŞ-ın Nyu-York ştatının Sprinqs şəhərindəki evində dünyasını dəyişib. Onun vəfat etdiyini oğlu Devin təsdiqləyib.

Stroub Telbot 1994–2001-ci illərdə ABŞ dövlət katibinin müavini vəzifəsində çalışıb. O, Klinton administrasiyasının Rusiya siyasətinin formalaşmasında mühüm rol oynayıb, Moskva ilə danışıqlarda iştirak edib. Telbotun diplomatik fəaliyyəti Cənubi Qafqazı, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesini də əhatə edib.

Qarabağ danışıqlarında mühüm missiyalar

Telbot 1997-ci ilin mayında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransanın yüksək səviyyəli nümayəndə heyətinin tərkibində Azərbaycana, Ermənistana və Qarabağa səfər edib. Bu səfər 1994-cü il atəşkəsindən sonra münaqişənin siyasi yolla həlli istiqamətində beynəlxalq vasitəçilərin mühüm təşəbbüslərindən biri idi.

Amerikalı diplomatın Qarabağla bağlı ən mühüm missiyalarından biri isə 1999-cu ilin oktyabrında baş tutub. O, Ermənistan prezidenti Robert Köçəryan və Azərbaycan prezidenti Heydər Əliyev arasında sülh sazişinin əldə olunması istiqamətində aparılan müzakirələrdə iştirak edib.

Telbot sonradan tərəflərin həmin vaxt sülh müqaviləsini imzalamağa “çox, lap çox yaxın” olduğunu bildirmişdi.

İrəvan terrorundan bir neçə saat əvvəl danışıqlar aparmışdı

1999-cu il oktyabrın 27-də Telbot İrəvanda prezident Robert Köçəryan və baş nazir Vazgen Sarkisyanla Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Görüşlərdən sonra Vazgen Sarkisyan amerikalı diplomatı hava limanına yola salıb. Bundan cəmi bir müddət sonra Ermənistan parlamentinə silahlı basqın edilib. Hücum nəticəsində baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçiyan və digər yüksək vəzifəli şəxslər öldürülüb.

Telbot sonralar bu hadisəni sülh prosesinə ağır zərbə vuran “insani, siyasi və geosiyasi fəlakət” kimi xarakterizə etmişdi.

Klintonla dostluğu Oksfordda başlamışdı

Stroub Telbot ABŞ xarici siyasətinin tanınmış nümayəndələrindən biri olmaqla yanaşı, uzun illər jurnalist kimi də çalışıb. O, “Time” jurnalında işləyib, daha sonra Dövlət Departamentində müxtəlif vəzifələr tutub və Brukinqs İnstitutuna rəhbərlik edib. Onun Bill Klintonla münasibətləri Oksford Universitetində təhsil aldıqları illərdən başlayıb. Klinton prezident seçildikdən sonra Telbot əvvəlcə yeni müstəqil dövlətlərlə əlaqələr üzrə xüsusi tapşırıqlar səfiri, daha sonra isə dövlət katibinin müavini olub.

Rusiya üzrə aparıcı ekspertlərdən biri kimi tanınan Telbot Moskva ilə dialoqun fəal iştirakçısı olub. O, həmin dövrün diplomatik münasibətlərini və Klintonla Boris Yeltsin arasındakı təmasları “Bill və Boris. Prezident diplomatiyası haqqında qeydlər” kitabında qələmə alıb.

Telbotun fəaliyyəti ABŞ-ın 1990-cı illərdə Cənubi Qafqaz və Qarabağ münaqişəsi ilə bağlı diplomatik siyasətinin öyrənilməsi baxımından da əhəmiyyətli mənbələrdən biri hesab olunur.

N.Talıblı