Noyabrın 27-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tula vilayətində yerləşən Yefremov şəhərinə hücum edib.
“Xəsarət alan yoxdur. İlkin məlumata görə, infrastruktur obyektlərinə ziyan dəyməyib”, – deyə vilayətin qubernatoru Dmitri Milyayev Teleqram kanalında yazıb.
Bununla yanaşı, yerli sakinlər “Astra” nəşrinə bildiriblər ki, Yefremov istilik elektrik stansiyası (İES) yaxınlığında partlayış səsləri eşidilib və bundan sonra şəhərdə istilik təchizatı dayanıb.
Hadisə şahidlərinin çəkdiyi videoları araşdıran nəşrin qənaətinə görə, ən azı bir dron enerji obyektinə düşmüş ola bilər. İstilik elektrik stansiyası şəhəri və orada yerləşən sənaye müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edir. Bu müəssisələr arasında Yefremov Sintetik Kauçuk Zavodu da var.
Həmin zavod da gecə hücumunun hədəflərindən olub. Ukraynanın “Exilenova+” monitorinq kanalı müəssisəyə zərbə endirildiyini əks etdirən video yayıb. Hücumdan sonra ərazidə güclü yanğın başlayıb.
1933-cü ildə əsası qoyulan zavod müxtəlif növ polimerlər və kauçuk istehsal edir. Onun məhsulları arasında hidroksilləşdirilmiş polibutadien də var. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bu xüsusi polimer materialından “İsgəndər” ballistik raketləri də daxil olmaqla, bərk raket yanacağının istehsalında istifadə olunur.
Bundan əvvəl də Yefremov Sintetik Kauçuk Zavodu bu il sentyabrın 25-də və ötən il dekabrın 24-də dron hücumuna məruz qalıb. Yerli sakinlər “Astra”ya bildiriblər ki, müəssisə əslində daha tez-tez hücumlara məruz qalır, lakin bu barədə rəsmi məlumat verilmir.
Leninqrad vilayəti və Sankt-Peterburq da hücuma məruz qalıb
Ötən gecə Ukrayna dronları Rusiyanın Leninqrad vilayətinə də kütləvi hücum həyata keçirib.
Qubernator Aleksandr Drozdenkonun məlumatına görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları 45 pilotsuz uçuş aparatını vurub. Dronların qarşısını almaq məqsədilə Ladoqa körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Qubernator körpünün zərər görmədiyini bildirib.
Vilayət rəhbəri hadisə ilə bağlı əlavə məlumat verməyib.
Yerli sakinlər “Astra”ya bildiriblər ki, Vsevolojsk şəhərində partlayış səsləri eşidilib. Onların sözlərinə görə, Kudrovoda isə kəskin barıt qoxusu hiss olunub.
Sankt-Peterburqun Mərkəzi, Petroqrad, Vasilyevski adası, Primorsk, Vıborq və digər rayonlarında da partlayış səsləri eşidilib.
Ukraynanın “Supernova+” monitorinq kanalı yaşayış binasına dron düşməsini əks etdirən fotolar yayıb. “Bumaga” nəşrinin araşdırmasına görə, zərbə şəhərin Primorsk rayonunda yerləşən “Şuvalovski” yaşayış kompleksinə düşüb. Bir neçə sakin təcili yardım maşını ilə xəstəxanaya aparılıb.