Xurma B qrupu vitaminləri və PP vitamini ilə yanaşı, dəmir, kalium, kalsium, maqnezium və fosforla zəngindir. Bu quru meyvənin sinir sistemi, bağırsaqlar, dəri, dırnaqlar və saçlar üçün faydalı olduğu bildirilir. Lakin bəzi hallarda xurma orqanizmə zərər də verə bilər.
Şərq ölkələrində xurmadan müntəzəm istifadə olunur. Avropada isə onu əsasən qurudulmuş formada alırlar. Qurutma zamanı meyvənin tərkibindəki faydalı maddələr qorunub saxlanılır, üstəlik, belə xurmanın saxlama müddəti daha uzun olur.
Xurma qadınlar üçün də faydalı hesab edilir. Onu hamiləlik və ana südü ilə qidalandırma dövründə yemək tövsiyə olunur. Bildirilir ki, xurma sinir sistemini möhkəmləndirir və doğuşdan sonrakı narahatlıq əlamətlərini yüngülləşdirir. Bu meyvəyə aid edilən digər xüsusiyyət isə kişilərdə cinsi potensiyaya müsbət təsir göstərməsidir.
Xurma alarkən nələrə diqqət etmək lazımdır?
Meyvə alarkən onun xarici görünüşünə diqqət yetirmək tövsiyə olunur. Xurma parlaq olmamalıdır. Belə meyvələrin, çox güman ki, hansısa məhlulda, ən yaxşı halda isə qlükoza siropunda isladıldığı bildirilir. Bu üsul məhsulun daha uzun müddət saxlanılması üçün tətbiq edilir. Lakin həmin məhlullar orqanizmə, xüsusilə də mədə-bağırsaq sisteminə mənfi təsir göstərə bilər.
Həddindən artıq quru xurmanın tərkibində şəkər çox olur. Ən yaxşı seçim ağac üzərində və ya kağız üzərində təbii şəkildə, kimyəvi vasitələrlə qurutma prosesi sürətləndirilmədən qurudulmuş meyvələrdir.
Alınan xurmanı tozdan və səthindəki artıq yapışqanlıqdan təmizləmək üçün mütləq su ilə yumaq lazımdır.
Qurudulmuş xurmanın kaloriliyi yüksəkdir. Buna görə də artıq çəkisi olan insanlara ondan çox miqdarda istifadə etmək məsləhət görülmür.
Qıcıqlanmış bağırsaq sindromunun kəskinləşməsi dövründə də xurma yemək tövsiyə edilmir. Çünki bu meyvə qarında köp, gurultu və narahatlıq yarada bilər. Bundan başqa, bəzi insanlarda xurmaya qarşı fərdi dözümsüzlük və ya allergiya müşahidə oluna bilər.
Sunay Aydın