“Qatarlar niyə işləmir? Utanmadan nağıl danışırlar…” –Ekspertdən ADY-yə etiraz

“ADY açıqlama yayıb ki, yarım il ərzində nə qədərsə sərnişin daşıyıb. Hələ bir çəkinmədən də, bunu pandemiya dövrü ilə müqayisə edib, güya nəhəg irəliləyiş kimi cəmiyyətə təqdim ediblər. Belə yerdə deyiblər, utanmasan oynamağa nə var. Həqiqətdə isə bu qurum pandemiyadan sonra Bakı-Balakən, Bakı -Qazax, Bakı- Yalama , Bakı-Astara və s. daxili xətlərdə sərnişin daşımasını heç bir ciddi əsas göstərmədən dayandırıb”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabatına münasibət bildirərkən deyib: “Gah deyirlər ki, qatarlar yoxdur, gah deyirlər dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər dəmir yollar bərpa olunur. Bir sözlə nağıllar. Ağlabatan bir açıqlama hələ də ortada yoxdur. Nazirlər Kabinetindəki Operativ Qərargahdan da bildiriblər ki, qatarların fəaliyyətinin dayanmasının Qərargahın qərarı ilə hər hansı əlaqəsi yoxdur”.
Ekspertin sözlərinə görə, qanunvericiliklə təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan fəaliyyətini dayandırması da anormal, analoqu olmayan bir haldır: “Antiinhisar Dövlət Xidməti də xeyli vaxtdır bu təbii inhisar qurumunda yoxlama aparır, amma real nəticələr hələ yoxdur. Qonşu Gürcüstanın Dəmir Yolu isə pandemiyadan qısa müddət sonra daxildə sərnişin daşımalarını tam bərpa edib. ADY-dən, hökumətdən gözlənilən xəbər odur ki, dəmir yolu ilə daxili sərnişin daşımaları nə zaman tam bərpa olunacaq?”

Qeyd edək ki, ADY-nin yaydığı məlumatda deyilir ki, bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC 2 milyon 128 min nəfər sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Sərnişin daşımalarının 2 milyon 109 min nəfəri şəhərətrafı (Bakı-Sumqayıt sürət elektrik qatarı), 19 min nəfəri isə daxili (hazırda yalnız Bakı-Gəncə sürət elektrik qatarı) daşımalar olub. Bunlar isə 1 il əvvələ nisbətən 2 dəfə çox və 74,9% azdır.

Əvvəlki məqalə

Azərbaycanda siyasi partiyalara ianələrlə bağlı yuxarı hədd müəyyənləşir

Sonrakı məqalə

Abşeronda ata evdən gedən qızını öldürdü –