“Moskva ilə qaz müqaviləsi bağlansa belə, siyasi dəyişiklik olmayacaq, kommersiya müqavilələrindən biri olacaq”.
Azpost.info xəbər verir ki, bunu Özbəkistan Baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov Rusiya, Özbəkistan və Qazaxıstan arasında üçtərəfli qaz ittifaqının bağlanması ilə bağlı xəbərlərə münasibətində bildirib.
“Biz başqa ölkələrdən qaz idxal edərkən onlarla yalnız kommersiya müqavilələri əsasında əməkdaşlıq edirik. Biz qaz müqabilində siyasi şərtlərlə heç vaxt razılaşmayacağıq”, – “Reuters” Mirzamaxmudova istinadən yazır.
Mirzəmaxmudov qeyd edib ki, qaz sazişi o demək deyil ki, ölkələrin qarşılıqlı fəaliyyəti ittifaq adlandırıla bilər.
Onun sözlərinə görə, Moskva və Daşkənd həqiqətən də Qazaxıstan vasitəsilə Rusiya yanacağının tədarükü ilə bağlı danışıqlar aparıb. Bununla belə, nazir deyir ki, tərəflər “texniki müqavilə”dən danışır, başqa heç nə yoxdur.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Ruslan Jeldibai bildirmişdi ki, noyabrın 28-də Kremldə keçirilən görüşdə dövlət başçısı və Rusiya lideri Vladimir Putin Özbəkistanın iştirakı ilə üçtərəfli qaz ittifaqının yaradılmasını müzakirə ediblər.
Onun sözlərinə görə, Qazaxıstan və Rusiya prezidentləri rasional həll yolu tapmaq üçün üç ölkənin ekspertlərinin iştirakı ilə ətraflı danışıqlar aparmaq niyyətindədirlər.
Azpost.info