Qızılca peyvəndləmə ilə idarə olunan yoluxucu xəstəliklər qrupuna daxildir

Qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır. Qızılca infeksiyasının etioloji amili “Paramyxoviridae” fəsiləsinin Morbilli virus cinsinə aid olan RNT tərkibli virusdur. Virus sferik formada olub, diametri 120-230 nm-dir. Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir.

İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur.

Bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova deyib.

Mütəxəssis bildirib ki, qızılcanın son diaqnozu laborator təsdiq olduqda, yaxud digər təsdiq olunmuş hal ilə epidemik əlaqə olduqda müəyyən edilir. Qızılca ilə xəstələnmənin azaldılmasında virus izolyatlarının identifikasiyası və onların endogen, yaxud xaricdən gəlmə olduğunun təyin edilməsidir. ÜST-nin ekspertlərinin fikrincə, molekulyar epidemiologiya üsulları qlobal miqyasda qızılca virusunun dövr etməsinin izlənməsində standart alət olmalıdır.

Təcrübə göstərir ki, qızılca virusunun Avropa, Asiya və Amerika ştamlarının dövretmə arealı dəyişib. Bu günə qədər qızılca virusunun 7 müxtəlif qrup ştamı identifikasiya olunub və hazırda istifadə olunan vaksinlər bütün bu ştamlara qarşı effektivdir.

Əhalinin qızılcaya qarşə peyvənd olunmasının əhəmiyyətindən danışan Lalə Rüstəmova bildirib ki, qızılca infeksiyasının eliminasiyası üçün əhalinin qızılcaya qarşı kollektiv immunitetinin vəziyyətinin monitorinqi də mühüm məlumat verir. Vaksinasiya aparıldığına görə, qızılca idarə olunan infeksiyalar qrupuna daxildir. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycanda Milli peyvəndlər təqviminə daxildir.

Qızılca peyvəndi 2 dozada vurulur: biri 1 yaşda, digəri isə 4-6 yaş arasında. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95 faizdir. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Peyvəndlə yanaşı, üşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur, əgər qızılca kütləvi hal alıbsa, 6 aydan sonra, yəni 1 yaşı gözləmədən peyvəndləmək olar.

Əvvəlki məqalə

Dövlət Komitəsi 12 yaşında nişanlandırılan qızla bağlı məlumat yayıb

Sonrakı məqalə

İranda “Mossad”a işləməkdə təqsirli bilinən 4 nəfər edam edilib