Qorbaçovu qatil adlandıran, deputat mandatından imtina edən Şeyxülislam

 SSRİ-nin ilk və son prezidenti Mixail Qorbçov 91 yaşında vəfat edib.

1985-ci ildə nəhəng Sovet İttifaqında rəhbərliyə gətirilən Mixail Qorbaçovun dövlətin yeni qaydalarla idarə olunmasına cəhdi SSRİ-nin süqutu ilə nəticələndi.

Qorbaçovun ölümü ilə bağlı ən müxtəlif bəyanatlar verilsə də, keçmiş sovet rəhbərinin əl atdığı qanlı əməlləri da yad edilir və lənətlənir. Sovet ordusunun Tiflisdə, Bakıda, Litvada dinc əhaliyə qarşı qanlı hucumları məhz Qorbaçovun və onun siyasi komandasının vicdanına yazılıb.

Bu gün bəlkə də Mixail Qorbaçovu bu cinayətlərdə ittiham etmək aktual görünmür.

Amma SSRİ rəhbərini dövlət başında olduğu zaman kütləvi qətldə və hərbi cinayətlərdə ittiham ilk dəfə Bakıdan bütün dünyaya səslənib.

Məlum olduğu kimi, 1990-cı ilin yanvarın 20-də sovet ordusunun Bakıda dinc əhalini gülləbaran etməsinin qərar vericisi və təşkilatçısı məhz Mixail Qorbaçov olub.

Həmin dövrün tarixində bütün SSRİ-ni heyrətləndirən hadisə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bağlıdır.

Sovet ordusunun hərbi müdaxiləsinin səhəri günü Şeyxülislam dünyaya ünvanladığı müraciətində SSRİ-nin rəhbəri Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu “qatil” adlandırmışdı: “Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikəparça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz”-deyə bəyanatında Şeyxülislam bildirirdi.

QMİ sədrinin SSRİ rəhbərini belə kəskin ittiham etməsi bütün dünyada böyük rezonans verdi. Bu, sovet tarixində din xadiminin sovet rəhbərini kütləvi qətldə və dinc insanların ölümündə ittiham edən ilk belə bəyanatı idi.

QMİ sədrinin bu Bəyanatı “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova göndərildi.

Bakı qırğınından dərhal sonra Mixail Qorbaçov dünyaya bəyan etdi ki, Azərbaycanda dini ekstemist fanatiklər sovet hakimiyyətini devirməyə cəhd ediblər və guya bunun qarşısı alınıb.

Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” adlandırmışdı.

Qanlı qırğından sonra yaranmış hakimiyyətsizlik nəticəsində Təzəpir Məscidi, Qafqaz Müsəlmanları İdarəsi  xalqın müraciət edə biləcəyi yeganə yerə oldu. Şəhidlərin dəfninin təşkili ilə QMİ sanki siyasi hakimiyyətlə kütlələr arasında əlaqəni yaradan əsas həlqəyə çevrilmişdi.

Şeyxülislamın daha bir demarşı SSRİ xalq deputatı mandatından imtina etməsi oldu. 1990-cı ilin mart ayında Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etirazını bununla bildirən Allahşükür Paşazadə sovet rəhbərinin Azərbaycan xalqı qarşısında cinayətini bir daha dünyaya xatırlatdı.

QMİ sədri bu 32 il ərzində daima 20 yanvar qırğınının təşkilatçılarını ittiham edib, Mixail Qorbaçovun həbs olunmasını  tələb edib.

“Biz  20 Yanvar faciəsini geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Mixail Qorbaçov olmaqla, ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik” -20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı Azərbaycanda dini icma rəhbərləri ilə birgə keçirilən xatirə tədbirində çıxışı zamanı Şeyxulislam Allahşükür Paşazadə bəyan edib.

20 yanvar qırğınında əli olanlar, o cümlədən Mixail Qorbaçov  sağkən cinayət məsuliyyətindən yayına bilsələr də tarixin və Azərbaycan xalqının əbədi lənətindən can qurtara bilməyəcəklər.

Emin ABBASOV

 

 

 

 

Əvvəlki məqalə

ABŞ Rusiya və Çinə çip satışını məhdudlaşdırıb

Sonrakı məqalə

Tərtərdə evdə neftdən benzin düzəldən dəstə aşkarlanıb –