Ukraynanın davam edən hücumu ilə əlaqədar Rusiyanın üç regionunda “antiterror əməliyyatı” rejimi tətbiq edilib.
Azpost.info bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
“2024-cü il avqustun 9-dan etibarən Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatlarının keçirilməsi qərara alınıb”, – deyə MAK-dan bildirilib.
Bu ərazilərdə müvafiq hüquqi rejim tətbiq edilib: “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna uyğun olaraq zəruri tədbirlər və müvəqqəti məhdudiyyətlər tətbiq edilir”, – deyə MAK-dan əlavə ediblər.
“Hökumət orqanları vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunması və obyektlərin antiterror mühafizəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görür”, – məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi öz növbəsində bildirir ki, Rusiya tankları Ukrayna Silahlı Qüvvələrinin regionun dərinliklərinə doğru hücumunu dəf etmək üçün Kursk vilayətinin sərhəd bölgəsinə gəlib.Nazirliyin Telegram kanalında deyilir: “Tank ekipajları tank üçün təhlükəli istiqamətlərdə atəş mövqelərini tutublar… Tank ekipajları döyüş işlərinə və atəşə tam hazırdırlar”.
Bu arada Rusiyanın ictimai səhifələri, eləcə də Ukrayna hərbi Telegram kanalları Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Poloz kəndini nəzarətə götürdüyünü yazır.