Şəmkir su anbarında nəhəng ilan görünməsi gerçəkdir?- Zoologiya İnstitutundan açıqlama

Şəmkir su anbarında nəhəng ilan göründüyünü iddia edən video yayılıb. Bir çox insanın marağına səbəb olan görüntüdə suda üzən heyvanın ilan olub-olmaması sual doğurub.

Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, su anbarında nəhəng ilanın görünməsi mümkündür.

Onun sözlərinə görə, havanın mülayim keçdiyi, suyun temperaturunun 14 dərəcədən aşağı olmadığı hallarda suda yaşayan və qışlamada olan sürünənlər, o cümlədən su ilanları aktiv ola bilirlər: “Temperatur 14 dərəcədən aşağı olduğu zaman isə bu heyvanlar qış yuxusuna gedirlər. Düzdür, videoya baxanda suda üzənin hansı heyvan olduğunu dəqiq müəyyən etmək olmur, lakin ölçüsünün böyüklüyünə görə su ilanı olması ehtimalı var”.

O qeyd edib ki, Azərbaycanda iki növ su ilanı var: “Onlardan biri şirin sularda yaşayan adi su ilanı, digəri isə həm şor, həm də şirin sularda yaşayan əsl su ilanıdır. Adi su ilanlarının boynunda ya ağ, ya da narıncı rəngdə çiçək ləçəyinə bənzər xalları olur. Onlar şirin və az şoranlığı olan bataqlıq sularında yaşayırlar. Əsl su ilanı isə şor sularda, dənizdə yaşayırlar. Əsl su ilanı həm şor, həm də şirin sularda olur. Ölçüsünə görə əsl su ilanları daha böyük, şirin su ilanları isə kiçik olurlar. Onu da qeyd etmək lazımdır ki, su ilanları suya yalnız qidalanmaq üçün girirlər”(apa).

Əvvəlki məqalə

Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib

Sonrakı məqalə

Zelenski geniş mətbuat konfransı keçirəcək