Sahibə Qafarova Zimbabve Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Zimbabve Senatının sədri Meybl Çinomona ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ölkəmizin Afrika ölkələri, o cümlədən Zimbabve Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlər arasında qarşılıqlı fəaliyyət dövlətlər arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini xatırladan Sahibə Qafarova, Zimbabve parlamentinin nümayəndə heyətinin ötən ilin noyabrında Madriddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk yığıncağında iştirakını yüksək qiymətləndirib. Milli Məclisin sədri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı keçirilib. Bakı Konfransında 40 ölkənin və 8 beynəlxalq parlament təşkilatının parlament nümayəndə heyətləri iştirak edib və konfrans zamanı bizim ümumi mövqeyimizi və baxışlarımızı əks etdirən Bakı Bəyannaməsi qəbul edilib.

Zimbabve Senatının sədri Meybl Çinomona ölkəsinin parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa önəm verdiyini bildirib. O, həmçinin qanunverici orqanlar arasında əlaqələrin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, parlament diplomatiyası müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Bayden qaçqınlar üçün kvota müəyyən etdi

Sonrakı məqalə

Laçın şəhərinin dayanıqlı su təchizatı üçün layihələndirmə işlərinə başlanılıb