Şeyxülislam Qazaxıstanda görüşlər keçirib –-FOTOLAR

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 14-də Qurultay çərçivəsində bir sıra görüşlər keçirib.
 Qurultay çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdü. Səmimi söhbət zamanı cənab Moratinos Azərbaycanla əməkdaşlığın səviyyəsindən, ölkəmizin sivilizasiyalararası dialoq müstəvisində qabaqcıl və fəal rolundan, Azərbaycanın siyasi rəhbərliyinin və dini liderinin bu istiqamətdə dəyərli səylərindən məmnunluğunu ifadə etdi, «Mədəniyyət naminə sülh» qlobal təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq fəaliyyətlərini yüksək qiymətləndirdi və həyata keçirilməsinə uğurlar dilədi. Cənab Moratinos Şeyxülislamda Azərbaycan Prezidentinə səmimi salamlarını çatdırmağı xahiş etdi.
Qurultay çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin son müqəddəs günləri Kilsəsinin on iki Həvari Şurasının Ağsaqqalı Ulisses Soares ilə görüşdü. U. Soares Azərbaycanla dinlərarası əməkdaşlığın səviyyəsindən razı qaldığını vurğuladı. Bildirdi ki, Almaniya Mormon icmasının üzvləri yaxınlarda Azərbaycana səfər edəcəklər və Şeyxülislamla görüşmək niyyətindədirlər. Öz növbəsində, QMİ sədrinə bir müddət əvvəl Bakıda ikən ABŞ-ın Soltleyksiti şəhərinə etdikləri dəvəti bir daha yada salaraq, Şeyxülislamın səfərini səbirsizliklə gözlədiklərini diqqətə çatdırdılar. U. Soares İslam dininin ardıcıllarına xoş münasibətini, dinlərarası əməkdaşlığı yüksək dəyərləndirdiyini ifadə etdi. QMİ sədri dünyanın bütün inanclı insanları arasında dinlərarası dialoqun vacibliyinə vurğu etdi.   
 QMİ sədri Şeyxülislam A.Paşazadə Qurultay çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş Katibi cənab Bağdad Amreyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman ruhani idarələrinin rəhbərləri — dini liderləri ilə görüşdü. Müsəlman dini liderlər qarşıdakı birgə fəaliyyət planları barədə fikir mübadiləsi apardılar, gələn ay Azərbaycanda keçiriləcək tədbirləri, Şuşa görüşünə hazırlığı, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderləri Şurasının təsis olunması və Əsasnaməsi ilə bağlı məsələləri müzakirə etdilər.
 QMİ sədri Şeyxülislam A. Paşazadə Moskva Patruarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy ilə görüşdü. Səmimi görüş çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsinin mövcud əlaqələrinin, dinlərarası əməkdaşlıq müstəvisində perspektivləri müzakirə edildi.
Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də qurultay dəvətlisi Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını nüfuzlu müsəlman din xadimi – Əl-Əzhərin Baş İmamına yetirib. Müsəlman Ağsaqqalları şurasına üzv seçilməyi ilə əlaqədar QMİ sədri Şeyxülislam A. Paşazadə bu məsələdə təşəbbüskar roluna görə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyibə təşəkkürünü ifadə edib. Bildirib ki, Əl-Əzhərin Baş İmamının İslam ümmətinin mənafeyinə xidmət edən böyük səylərinə hər zaman dəstək verəcəkdir. Şeyx Əhməd ət-Tayyibin müsəlman aləminin qabaqcıl şəxsiyyətlərindən biri olduğunu, onunla görüşməkdən şərəf duyduğunu bildirən Şeyxülislam A. Paşazadə Əl-Əzhərin Baş İmamı ilə Roma Papası arasında Abu-Dabidə İnsan qardaşlığına dair sənədin imzalanma mərasimində iştirak etməyindən qürur hissi keçirdiyini diqqətə çatdırdı. QMİ sədri əlavə etdi ki, fəaliyyətində, iştirak etdiyi bütün dinlərarası əməkdaşlıq müstəvilərində bu sənədin müddəalarını fəal təşviq edir.
Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib, öz növbəsində, Azərbaycanın möhtərəm dövlət başçısına səmimi salamlarını yetirməyi Şeyxülislamdan rica etdi və yaxın zamanlarda ölkəmizi ziyarət edəcəyinə inandığını bildirdi. Şeyxülislam Allahşükür Paşazadəni Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyindən sonra baş tutan ilk görüşlərində şəxsən təbrik etməkdən şad olduğunu bildirdi. Əlavə etdi ki, Azərbaycan qədim müsəlman diyarı, İslam mədəniyyətinə nəhəng şəxsiyyətlər bəxş etmiş diyardır. Əmin olduğunu qeyd etdi ki, Şeyxülislam özünün onilliklərlə ölçülən böyük təcrübəsi, nüfuzu və genişmiqyaslı fəaliyyəti ilə Şuranın nüfuzuna güc qatacaqdır. Görüşdə ümumi mövqe olaraq bildirildi ki, İslama və İslam sivilizasiyasına qarşı təxribatların qarşısını almaq, dəyərlərimizi yad təsirlərdən qorumaq birgə vəzifəmizdir. Nüfuzlu müsəlman dini lideri bu çətin vəzifənin həyata keçirilməsində Şeyxülislam A. Paşazadənin dəyərli təcrübəsinə böyük ehtiyac olduğunu qeyd etdi.
Əvvəlki məqalə

Paşinyanın çıxışından sonra İrəvanda etiraz aksiyaları keçirilir

Sonrakı məqalə

BMT Təhlükəsizlik Şurası Zəngəzur sərhədindəki döyüşləri müzakirə edib –