Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı Prezident İlham Əliyev 44 ölkədən gəlmiş qonaqlara Ağdamın kədərli taleyini xatırlatdı.
Rayonun işğal illərində dağıdıldığını deyən dövlət başçısı Ağdamın vəhşi düşmən tərəfindən 30 il ərzində daşları bir-bir sökülməklə dağıdıldığını, bütün binaların viran qoyulduğunu və daşların oğurlanaraq satıldığını vurğualdı.
“Yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub”-deyə prezident bildirib.
Hər dəfə işğaldan azad edilmiş ərazilərin xarabazara çevrilmiş mənzərələrinə baxdıqca yer üzündən silinmiş bu şəhərlər, kəndlərlə bərabər bütöv bir etnokültür mədəniyyətinin də dağıldığının şahidi olursan. Özünü “qədim və bəşəri dəyərlərin daşıyıcısı olan xalq” kimi gözə soxmağa cəhd edən mənfur düşmənin bu 28 ildə həmin ərazilərdə qoyduğu “mədəni iz” göz önündədir.
Bu vəhşiliyi dünyaya göstərmək üçün Prezident İlham Əliyev azad olunmuş rayonlara mütəmadi səfərlər edərək oradan dövlətlərə, beynəlxalq təşkilatlara səslənir, erməni vandalizminin dəhşətli sifətini nümayiş etdirir.
Azərbaycanın viranə edilmiş, talanmış ərazilərinin miqyasını gizlətmək, təhrif etmək çox müşkül işdir. Düşmənin bu faktları susqunluqla qarşılaması törətdikləri cinayətlərin etirafı hesab oluna bilər.
Azad edilmiş ərazilərə saysız səfərlər, xarici diplomatların, beynəlxalq qurumların iştirakı ilə keçirilən mötəbər toplantılar bir daha bu barbarlığı hamıya nümayiş etdirir, yaddaşlara həkk edir, heç bir bəraət yeri saxlamır.
İndi hamı -siyasi təşkilatlar, ictimai qurumlar, jurnalistlər Qarabağdakı dağıntıların dünyaya təqdim edilməsi üçün əlindən gələni etməyə çalışır.
Bu sırada Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri, Şeyxüliaslam Allahşükür Paşazadənin fəaliyyəti fərqlənir. QMİ sədri bu ötən illərdə Azərbaycanın mədəni sərvətlərinin dağıdılmasına qarşı, torpaqların işğal altında saxlayan Ermənistanın rüsvay edilməsi üçün əlində olan bütün vasitələrdən istifadə edib.
Bu fəaliyyət Azərbaycan prezidentinin apardığı siyasi kursla iç-içə aparılır, dövlət prioritetləri üzərində qurulur.
QMİ sədrinin təşkilatçılığı ilə dini icma rəhbərlərinin Ağdama səfəri bu baxımdan viranə qoyulmuş ərazilərmizin ürək ağrıdan vəziyyətini dünyaya çatdırmaq üçün bir vəsilə oldu.
Ağdamın yarıdağıdılmış məscidinin qarşısından dünyanın nufuzlu din xadimlərinə müraciət edən Şeyxülislam viran edilmiş Qarabağa, onun dini və mədəni abidələrinə biganə qalmamağa çağırdı.
QMİ sədrinin bəyanatına xristian, yəhudi, katolik, alban ruhanilərinin dəstəyi həmrəylik demarşı oldu.
Səmavi dinlərin Azərbaycandakı nümayəndələrinin vahid mövqeyi nufuzlu kilsə təşkilatları, ruhani qurumları üçün bir çağırışdır. Bu bəyanatlar Vatikanda, Qüdsdə, Patriarxlıqda Azərbaycana qarşı düşmən təbliğatının qarşısını alır.
QMİ sədrinin beynəlxalq dini təşkilatlarda bununla bağlı mövqeyi də həmişə birmənalıdır.
Prezident İlham Əliyevin dağıdlımış rayonlara ardıcıl səfərlərinə dəstək olaraq QMİ ictimai qurum olaraq öz çapında olan mesajını nümayiş etdirdi.
Azad edilmiş torpaqlarla səfərlər, Şuşa məscidində namaz, Kəlbəcər və Laçın məbədində dualar müsəlman, xristian, katolik, yəhudi, alban icmalarının dini rəhbərlərinin rezonans doğuran bir addım oldu. Bu ziyarət Azərbaycanın son 30 ildə apardığı prinsipial siyasi mübarizənin nəticələrini əks etdirirdi.
Erməni vandalizminin canlı şahidi olanların bəyanatları milyonlarla iman qardaşları üçün yaddaşa yazılan mövqedir. Məscidləri, kilsələri, məbədləri vəhşicəsinə dağıdan düşmənin bu addımı təkcə mədəni barbarlığın deyil, etiqad etdikləri vahid Allaha ibadət ocağı olan bu məkanlara saxta inancının nümayişidir. Bütün dünya azad edilmiş torpaqlarda olan bu qüssəli və dəhşətli dağıntıları seyr etdikcə Ermənistanın “mədəni irs”üçün axıtdığı saxta göz yaşlarının və idbar yalanının şahid olur.
QMİ sədri bütün səfərlərində və görüşlərində Azərbaycanın haqq mübarizəsində ardıcıl olub. Şeyxülislam bu il dəvət olunduğu Avropa Şurasındakı toplantıda çıxışında Vətən müharibəsinin nəticələrini xatırladarq azad edilmiş ərazilərdə mədəni abidələrin yerlə-yeksan edildiyini bir daha vurğuladı. Şeyxülislam bu toplantıda islam dünyasının yeganə təmsilçisi idi.
QMİ dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələr saxlayır. Şeyxülislam Vatikandan tutmuş müqəddəs Sinoda, katolik dünyasından pravoslav məbədlərinə qədər uzanan bu əməkdaşlıq platformasını Azərbaycan həqiqətlərini çatdırmaq üçün uğurulu məkana çevirə bilib.
İstər müharibədən əvvəl, və ya ondan sonra QMİ-nin beynəlxalq təmasları birbaşa Azərbaycanın haqlı mövqeyinin, geopolitik platformada elan etdiyi prinsiplərinin ardıcıl müdafiəsinə yönəlib. Şeyxülislamın rəhbərliyində təmsil olunduğu nufuzlu təşkilatlar daim Azərbaycanın haqq səsinin eşidildiyi tribuna olub. A.Paşazadə bu yöndə fəaliyyəti ilə beynəlxalq tərəfdaşlığın etibarlı müstəvisini yarada bilib.
Şeyxülislamın Türkiyə Diyanət İşləri bakanı Ali Erbaşla Füzuliyə və Şuşaya səfəri bir daha iki qardaş ölkənin düşmənə vəhdət mesajı kimi yadda qaldı.
44 günlük müharibədən sonra Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutan 3 tərəfli görüşdə Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin məsul rolu bir daha etiraf olundu. Katolikos Qaregin Azərbaycanın haqlı tələbləri qarşısında susmalı oldu.
Bu ötən dövrdə QMİ sədrinin Avropada, Qazaxıstanda, Türkiyədə iştirak etdiyi mötəbər toplantılar ölkəmizin haqlı siyasətinə dəstək qazandırdı. Elə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlər Şurasının yaradılması ideyasınının Şeyxülislam tərəfindən İstanbul toplantısında təqdim etməsi, bununla bağlı hazırılıq işləri QMİ sədrinə olan etimadı göstərir.
Bu il Bakıda keçirilməsi nəzərdə tutulan Şuranın toplantısı mühüm hadisə olacaq.
Ermənistan və ona dəstək verən bu qüvvələr guya Azərbaycan ərazisində olan kilsə və digər xristian abidələrinin taleyindən nigaran qaldıqlarını bəyan edir, hay-küy salaraq “stəkanda fırtına” yaratmaq istəyirlər.
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə mədəni abidələrə, dini ibadətgahlara münasibəti indi bütün dünyanı heyrətə salmaqdadır. Dağıdılan məsdilər, sökülən pravoslav kilsələri, məhv edilmiş məbədlər bir-bir üzə çıxdıqca “mədəni və qədim xalq” barəsində uydurulmuş mif dağılır.
QMİ Azərbaycana yönəlik ittihamlara layiqli cavab verməklə eyni zamanda faktları təqdim edir. Azərbaycan dünyanın müxtəlif bölgələrində, o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına verdiyi töhfələr göz qabağındadır. Roma Papası Fransisk ölkəmizdə dini konfessiyalar arasında əməkdaşlıq və dialoqu yüksək qiymətləndirib, Dünya dini liderlərinin II Bakı sammitinin iştriakçıları ölkəmizin multikulturalizm mərkəzlərindən biri olduğunu etiraf edib, dinlərarası mədəni dialoqun təşviqində Azərbaycanın rolunu dəstəkləyiblər.
QMİ sədrinin belə fəal və ardıcıl fəaliyyəti Azərbaycanın haqq səsinin dünya çapında, spesifik sayılan dini camelərdə eşidilməsinə vəsilə olur. Bu məqam dini müstəvinin imkanlarını səfərbər etməkdə böyük üstünlüklərə malikdir. Şeyxülislamın bu fəaliyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasətinin detalına çevrilərək bu müstəvidə bir-birini tamamlayır.
Aydın ABBASOV