Şimali Koreya əsgərləri sərhədi keçməyə cəhd edib, atəş açılıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələrinin 30-a yaxın əsgəri iki Koreya arasında faktiki sərhəd olan hərbi demarkasiya xəttini keçməyə cəhd edib.

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla xəbər yayıb. Bildirilir ki, hadisə yerli vaxtla saat 08:30 radələrində baş verib. Cənubi Koreya əsgərləri səsləngücləndirici vasitələrlə xəbərdarlıq edib, daha sonra havaya xəbərdarlıq atəşi açıblar. Nəricədə Şimali Koreya əsgərləri geri qayıtmağa məcbur olub.

Cənubi Koreya silahlı qüvvələrinin qərargahı KXDR-in apreldən bəri sərhəddə xeyli canlı qüvvə topladığını, yeni yollar çəkdiyini, mühəndis-istehkam işlərinə başladığını, hətta əraziyə minalar basdırdığını açıqlayıb.

Qeyd edək ki, bu, iyun ayında 2-ci oxşar hadisədir. İyunun 9-da Şimali Koreya əsgərləri demilitarizasiya zonasındakı (DMZ) demarkasiya xəttini keçməyə cəhd etmişdilər. Cənubi Koreya hərbçilərinin xəbərdarlıq atəşindən sonra geri qayıtmağa məcbur olmuşdular.

Əvvəlki məqalə

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Sonrakı məqalə

Bayden NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib