“Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir.
Ermənistan rəsmiləri, həmçinin, parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir”.
Azpost.info bildirir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında qeyd edilib.
Açıqlamada, həmçinin deyilir: “Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir.
Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır. Məhz Ermənistan sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozaraq, ötən müddət ərzində Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib. O cümlədən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı birləşmələrinin şəxsi heyətinin rotasiyası və silah və sursatın daşınması həyata keçirilib. Yol vasitəsilə minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurub, mina partlayışları nəticəsində çoxlu sayda vətəndaşımız həlak olub və yaralanıb.
Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.
Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq”.