SOSİAL ŞƏBƏKƏLƏR BİZİ QULA, YOXSA SAHİBKARA ÇEVİRİR? –Şirkətlər artıq gələcəyi satırlar 

Şəxsi məlumatlar dünyanın ən qiymətli məhsuluna çevrilir. Ona görə belə bir sual meydana çıxır: istifadəçilər rəqəmsal platformalar iqtisadiyyatında sahib olacaqlar yoxsa kölə?

Sasseks universitetinin professoru, Avropa İqtisadi İnkişaf Komissiyasının konsultantı, “Green Alliance” ekoloji analitika mərkəzinin direktorlar şurasının üzvü Mariana Massukato (Mariana Mazzucato) “IPG” portalında bu suala cavab tapmağa çalışıb.

“Rəqəmsal platforma iqtisadiyyatının demokratiyalaşma perspektivləri qeyri-müəyyən olaraq qalır. Alqoritmlər şirkətlərin bizim keçmiş, indiki və gələcək davranışlarımızdan gəlir əldə etməsinə imkan yaradır. Harvard Biznes Məktəbindən Şoşana Zuboff (Shoshana Zuboff) bunu bizim “davranış profisitimiz” adlandırır. Bir çox halda rəqəmsal platformalar bizim istəklərimizi bizdən yaxşı başa düşür və bizi daha çox gəlir gətirə biləcək davranışa sürükləyə bilir. Bəs ən məhrəm arzularımızın və şəxsi özəlliklərimizin satışa çıxarıldığı cəmiyyətdə yaşamaq istəyirikmi?”, – məqalə müəllifi soruşur.

“Kapitalizm həmişə böyük ustalıqla yeni istəklər və məqsədlər yarada bilib. Lakin böyük məlumat bazaları və alqoritmlərin köməyi ilə texnoloji şirkətlər bu prosesi həm tezləşdirib, həm “ağını” çıxarıblar. İnsanların yeni məhsul və xidmət istəyəcəyini gözləyib, onları yaratmaq yerinə, şirkətlər artıq bizim nə istədiyimizi bilir və bizə gələcəkdəki bizi satırlar. Ən pisi də odur ki, istifadə edilən alqoritm prosesləri çox vaxt cinsi və irqi qərəzi möhkəmlədir, həmçinin gəlir və siyasi uduş naminə onları manipulyasiya etmək mümkün olur”, – ekspert qeyd edir.

“Müasir texnologiya şirkətləri çoxlu tədarükçü cəlb etmək üçün əvvəlcədən öz geniş şəbəkələrindən istifadə ediblər. “Amazon” şirkəti kiçik nəşriyyatlara kitab mağazasının rəfində yer tapmayacaq kitablarını satmağa imkan yaradıb. “Google” axtarış sistemi isə istifadəçilərin müxtəlif tədarükçü, məhsul və xidmətlə bağlı geniş sorğu spektini cavablandırıb”, – məqalədə deyilir.

“Amma indi hər iki şirkət rəqabəti boğmaq üçün özünün dominant mövqeyindən istifadə edir, istifadəçilərin gördüyü məhsullara nəzarət edir və öz brendlərini xüsusi vurğulayır. İnhisar əleyhinə siyasət diqqətini sırf ölçü məsələsinə yönəltməməlidir. Böyük şirkətlərin kiçik şirkətlərə parçalanması gəlir əldə etmək və şəxsi hüquqlardan sui-istifadə halları ilə bağlı problemi həll etməyəcək. Belə düşünməyə heç bir əsas yoxdur ki, çoxlu sayda kiçik “Google” və “Facebook”-lar fərqli fəaliyyət göstərəcək və istismarçı xüsusiyyəti daha az olan alqoritmlər işləyib hazırlayacaqlar”, – Massukato yazır.

“Dəyərin yaradılmasının mükafatlandırıldığı və dəyərin hasil edilməsinin cəzalandırıldığı mühit yaratmaq dövrümüzün fundamental iqtisadi tapşırığıdır. Xoşbəxtlikdən, bu gün dövlətlər də vətəndaşların identifikasiyası, vergilərin toplanması və dövlət xidmətləri üçün rəqəmsal platformalar yaradır. İnternet meydana çıxanda belə bir narahatlıq var idi ki, dövlət məlumatlardan sui-istifadə edə bilər. Ona görə müasir məlumat arxitekturasının böyük bir hissəsi özəl şirkətlər tərəfindən qurulub.  Lakin bu gün dövlət platformalarının dövlət sektorunun effektivliyini artırmağa və rəqəmsal platformaların iqtisadiyyatını demokratiyalaşdırmağa imkan verən böyük potensialı var. Bu potensialı reallaşdırmaq üçün məlumatların idarə edilmə metodlarını yenidən nəzərdən keçirmək, yeni institutlar yaratmaq, rəqəmsal platforma iqtisadiyyatındakı dinamikanı nəzərə almaq və alternativ mülkiyyət formaları ilə təcrübələr aparmaq lazımdır”, – məqalədə deyilir.

“İnnovasiyaların nəinki tempi, eyni zamanda istiqaməti var. Süni intellekt və başqa texnologiyalardan daxil olan təhlükə onların hazırlanma tempi ilə deyil, məhz onların hansı şəkildə hazırlanması və tətbiq edilməsi ilə əlaqəlidir. Yeni istiqamət qoymalıyıq. Bu, bizim qarşımızda duran tapşırıqdır”, – məqalənin sonunda ekspert qeyd edir. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dadlı kofeni necə dəmləməli? –

Sonrakı məqalə

Ermənistan gecə atəşkəsi 22 dəfə pozub