Stalin üçün toxunmuş nəhəng Azərbaycan xalçası necə yoxa çıxıb? –(FOTO)

Azərbaycan xalça sənətinin çox unikal bir əl işi yoxa çıxıb.

 Azpost.info bildirir ki,  indi ancaq sənədlərdə izi qalmış bu xalça  Bakı rəssamları və xalça ustaları tərəfindən SSRİ-nin rəhbəri olmuş “xalqlar atası” Stalinin 70-illik yubileyinə toxunub.

 1949-cu ilin dekabrında İosif Stalinin 70 yaşı tamam olurdu. Bütün SSRİ rəhbərin yubileyinə hazırlaşırdı.

Azərbaycanın siyasi rəhbərliyi hədiyyə olaraq xalça vermək qərarına gəlir. Bununla bağlı Mircəfər Bağırovun rəhbərliyi ilə iclas keçirilir.  “Bədii xalçanın hazırlanması” məsələsi Azərbaycan K(b)P MK bürosunda baxılır və Azərbaycan SSR Nazirlər Soveti bununla bağlı qərar qəbul edir. Xalça 1949-cu ilin 1 dekabrına – Stalinin ad gününün ərəfəsində hazır olmalı idi.

Ölçülərinə görə nadir olan bir xalçanın  hazırlanması Azərbaycanın məşhur xalça ustalarına həvalə olunur.

Xalçaçı-rəssam Lətif Kərimov, teatr rəssamı İsmayıl Axundov və qrafik rəssam Kazım Kazımzadə işə başlayır. Stalinin 70 yaşı tamam olduğu üçün rəssamlar unikla bir xalça yaratmağı qərara alırlar.  Onlar təklif edirlər ki, xalçanın əsas parametrləri yubiley tarixi ilə uyğunlaşsın: yəni “xalçanın ölçüsü 70 kv. metr,  sıxlığı 70:70 – 35 000 000 ilmədən, boya və rəngləri 70 çalardan ibarət olsun.

Rəssamların fikrincə bu xalçada Stalinin Bakıdakı inqilabi fəaliyyəti və respublikanın bolşevik partiyasının rəhbərliyi altında nailiyyətləri əks olunmalı idi.

Şövqlə işə başlayan rəssamlar xalçanı İ.Stalinin ad gününə bir ay qalmış  toxuyub bitirirlər. Xalça 8 aya hazır olur. Rəssamlar Azərbaycan K(b)P MK-nın katibi M.C. Bağırova orijinal xalçanın vaxtından əvvəl hazır olduğu haqqında məruzə edirlər.

Bu nəhəng xalça 1949-cu ilin dekbarında Stalinin yubiley tədbirində Azərbaycan adından rəhbərə təqdim olunub. Stalin xalçanı çox bəyənir.

Amma bu xalça sonradan müəmmalı şəkildə yoxa çıxır. İndiyə qədər xalçanın harada olduğu bilinmir.

Xalça haqqında  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 1898-1956-cı illərə aid “İosif Stalinin sənədlər kolleksiyası” adlı fondda məlumat saxlanılır.

Stalinin yubileyinə SSRİ-nin və dünyanın hər tərəfindən çox qiymətli və maraqlı hədiyyələr göndərilib. Bu sırada Karl Marksın “Kapital”nın ilk nüsxəsi, onun kofe dəsti, Leninin papağı və tüfəngi, Çindən göndərilmiş Stalinin ipəkdən toxunmuş portreti və s. çoxlu hədiyyələri göstərmək olar.

Sovet rəhbərinə bütövlükdə 23 min 162 hədiyyə göndərilib.  Azərbaycanın xalçası da bu hədiyyələr içində diqqəti çəkən olub.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aprelin 4-dən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır

Sonrakı məqalə

“Azərbaycan hökumətinə testlərlə bağlı dəstəyimiz çox da böyük deyil” –