Stoltenberqin xüsusi nümayəndəsi Cənubi Osetiya ilə təmas xəttində olub

Gürcüstanda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ergnetidə Cənubi Osetiya ilə inzibati sərhəd xəttində olub.

Bu barədə xüsusi nümayəndə Kolomina “Twitter“də bildirib.

“NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi sarsılmaz olaraq qalır. Rusiyanın saxta referendum və qismən səfərbərliyə dair qərarlarından sonra bu mesajımız xüsusi aktuallıq kəsb edir”, – Kolomina deyib.

Səfərin məqsədi ilə bağlı APA-nın sorğusuna cavab olaraq isə NATO-nun mətbuat xidmətindən bildirilib ki, xüsusi nümayəndə Kolomina yüksək səviyyəli hökumət rəsmiləri, müxalifət üzvləri və vətəndaş cəmiyyəti ilə siyasi məsləhətləşmələr aparmaq üçün Gürcüstana səfər edib.

“Səfər NATO-nun Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini, habelə bu ölkənin NATO-ya üzvlük istəyini və bu ilin iyununda Madriddə keçirilmiş NATO Sammitində razılaşdırılmış Gürcüstana praktiki dəstək tədbirlərinin həyata keçirilməsini müzakirə etmək üçün fürsət yaradıb”, – NATO-dan bildirilib.

Əvvəlki məqalə

“Gürcüstanla sərhəddə ruslara Rusiya əleyhinə sənədlər imzalamaq təklif edilir”

Sonrakı məqalə

Azərbaycanda daha 164 nəfər COVID-19-a yoluxub