Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında növbəti dəfə aksiya təşkil olunub.
Bu barədə Güney Azərbaycan Telegram kanalı məlumat yayıb.
Məlumata görə, “aksiya iştirakçıları” Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına etiraz ediblər. Onlar Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb edirlər.
Bu gün, həmçinin, İran Xarici İşlər Nazirliyinin sözçücü Kənani Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşündə səsləndirilən fikirlərlə bağlı “Azərbaycandan izahat tələb etdiklərini” bildirib. Kənaninin çıxışı ilə eyni vaxtda isə bir qrup təşkil olunmuş şəxs Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirib, eyni bəyanatı səsləndirib.
Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyi bu il yanvarın 27-də terror hücumundan sonra qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Terror nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, iki nəfər yaralanıb. Təbrizdəki konsulluq isə fəaliyyətini davam etdirir. Bu gün baş verən “aksiya” və İran XİN-nin hikkəli “izahat” tələbi, həmçinin, İran Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin çirkin və iftira xarakterli açıqlaması, İranın İslam dinindən öz məqsədləri üçün istifadə etməsini tənqid edən deputat Fazil Mustafanın evinin qarşısında terrora məruz qalması, Azərbaycan sosial şəbəkələrində SEPAH-ın virtual dəstələri tərəfindən aparılan virtual terror, İran mediasında Azərbaycan haqqında aparılan böhtan və iftira kampaniyası onu göstərir ki, İran münasibətlərin normallaşmasında maraqlı deyil. Əksinə, münasibətlərin daha da gərginləşməsi, düşmənçilik həddinə çatması üçün bütün mümkün vasitələrdən istifadə edib, özünün dünyada mövcud olan terror dövləti imicini möhkəmləndirmək üçün səylərini əsirgəmir.