Oktyabrın 27-də və noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilmiş imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb edilib.
DİM bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.