Tofiq Yaqublu Müsavatı sənədləri gizlətməkdə ittiham edib:

“Mühacirlərə verilən 197 arayışı mənə göstərmədilər”
22 Noyabr 2019 - 19:58

“2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb etmişəm, ancaq buna imkan verilməyib”.

Azpost.info bildirir ki, bu sözləri Müsavat Partiyasının sabiq başqan müavini Tofiq Yaqublu Almaniyadakı miqrant qalmaqalı ilə bağlı problemə münasibətini bildirərkən yazıb.

Onun sözlərinə görə, başqan Arif Hacılı canlı yayımların birində partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacağı barədə açıqlamasından sonra belə müraciət edib: “Bundan dərhal sonra Mərkəzi İcra Apparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər”.

Tofiq Yaqublu qeyd edib ki, partiya rəhbərliyi bilə-bilə ki, onun həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququ var: “Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin”.

Bundan sonra T.Yaqublu Almaniyada Müsavat partiyasının himayəsində olan AKM –lə bağlı fikirlərini açıqlayıb: “ AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb. Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular”.

T.Yaqublu vurğulayıb ki, indi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatlı olmadığını deyirlər: “Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir”.