Biləsuvarda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub. Belə ki, Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında olan “LADA-012” markalı minik avtomobili MAN markalı yük maşınına çırpılıb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.