Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Rusiya ilə sülh sazişinin mümkün qədər tez, ideal halda isə yanvar ayına qədər əldə olunmasına çalışırlar. Onun sözlərinə görə, Ukraynadan ciddi güzəştlərə getməsi tələb oluna bilər.

Zelenski hesab edir ki, Kiyev üçün məqbul olan razılaşma əldə edilməsə, ABŞ Konqresinin yeni tərkibinə müraciət edəcək. Hazırda Konqresdə demokratlar çoxluğa malikdir. Ukrayna Prezidenti Konqresdən geniş hərbi yardım paketi və təcavüzkar Rusiya dövlətinə qarşı daha sərt sanksiyalar tələb edəcəyini bildirib.

Azpost.info bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Zelenskinin müsahibəsi noyabrın 24-də, çərşənbə axşamı dərc olunub.

Ukrayna Prezidenti bildirib ki, Kiyevə dəstəyin və Rusiyaya qarşı sanksiyaların səviyyəsi rusiyalılara müharibəni dayandırmağın və danışıqlar masasına oturmağın vaxtı çatdığını açıq şəkildə göstərməlidir.

“Bloomberg” hesab edir ki, Zelenski bu sözləri ilə ABŞ-da keçirilən seçkilərin nəticələrindən istifadə edərək Moskvanı danışıqlara sövq etmək niyyətinə işarə edir. Aralıq seçkilərində Respublikaçılar Partiyası ciddi məğlubiyyətə uğrayıb, demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə ediblər.

Zelenski Vaşinqtonun çox sürətli hərəkət etmək istədiyini və həm Kiyevin, həm də Moskvanın bunu başa düşdüyünü etiraf edib. Onun sözlərinə görə, Ukrayna bu tələskənliyin hansı nəticələrə səbəb ola biləcəyini anlayır.

Prezident vurğulayıb ki, Ukrayna da sülh istəyir, lakin bunun yalnız öz hesabına əldə olunmasını qəbul etmir. Agentliyin qeyd etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin isə müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmir.

ABŞ və Rusiya arasında diplomatik təmaslar intensivləşib

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı diplomatik fəallıq son həftələrdə nəzərəçarpacaq dərəcədə artıb.

Ötən həftə Tramp və Putin Çində keçirilən danışıqlar zamanı Ukrayna məsələsini müzakirə ediblər. ABŞ lideri həmin görüşdə Putini “dost” adlandırıb. Daha sonra Tramp Berlində toplaşan Avropa liderlərinə zəng edərək Putinin Rusiyanın 2022-ci ildə başlatdığı genişmiqyaslı işğalı dayandırmaq istədiyini bildirib.

Noyabrın əvvəlində Kuşner və Uitkoff Moskvada Putinlə, Dublində isə Zelenski ilə görüşüblər. Bu təmaslardan əvvəl fevral ayından bəri ilk dəfə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Əbu-Dabidə danışıqlar aparılmışdı.

“Bloomberg”in məlumatına görə, Kuşner və Uitkoff Ukraynaya NATO-nun təhlükəsizlik zəmanətləri müqabilində Luqansk və Donetsk vilayətlərini Rusiyaya verməyi təklif ediblər.

Luqansk vilayətinin böyük hissəsi hazırda Rusiya qüvvələrinin nəzarətindədir. Putin isə Ukraynanın Donetsk vilayətinin qalan hissəsindən də imtina etməsini istəyir. Rusiya ordusu 2014-cü ildən bəri apardığı döyüşlərə baxmayaraq, həmin ərazini tam ələ keçirə bilməyib.

Kiyev bu tələbi rədd edir. Ukrayna rəhbərliyinin qənaətinə görə, həmin ərazilərdən geri çəkilmək ölkənin digər bölgələrini Rusiyanın növbəti hücumu qarşısında müdafiəsiz qoya bilər.

Zelenski NATO-nun 5-ci maddəsinə bənzər təminatlar istəyir

Zelenski daha əvvəl müttəfiqlərlə danışıqların əsas mövzusunun NATO müqaviləsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri olduğunu bildirmişdi. Həmin maddəyə əsasən, alyansın hər hansı üzvünə silahlı hücum bütün üzvlərə hücum kimi qəbul edilir və kollektiv müdafiə öhdəliyi yaradır.

Ukrayna Prezidenti belə bir variantı istisna etməsə də, bu cür zəmanətlərin praktikada işləyəcəyinə şübhə ilə yanaşır.

Onun sözlərinə görə, Ukraynaya Qərb müttəfiqlərinin yeni Rusiya hücumu baş verəcəyi təqdirdə güclü hərbi dəstək göstərəcəyi və daha sərt sanksiyalar tətbiq edəcəyi barədə konkret öhdəliklər lazımdır.

Zelenski həmçinin müttəfiqlərin Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcəklərinə söz vermələrini, ölkənin hərbi ehtiyacları və bərpası üçün yüz milyardlarla dollar vəsait ayırmalarını istəyir.

Ukrayna Prezidenti daha real və etibarlı həll yolunun ölkənin NATO-ya tamhüquqlu üzvlüyü olduğunu düşünür. Onun fikrincə, Almaniya və Fransa da daxil olmaqla, Avropanın əsas müttəfiqləri uzun müddət bu ideyaya ehtiyatla yanaşıblar, lakin indi onu dəstəkləməyə daha meyillidirlər.

Zelenski ehtimal edib ki, Tramp sabah Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləsə, Avropa da bu addıma razılıq verəcək. Putin isə belə bir variantı qəti şəkildə istisna edir.

Zelenskinin fikrincə, Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın da maraqlarına uyğun ola bilər. O bildirib ki, Putin Ukraynanın gələcəkdə hərbi revanş götürəcəyindən ehtiyat edirsə, ölkənin alyansa üzv olmasında hamıdan çox maraqlı olmalıdır.

Ukrayna Prezidenti izah edib ki, NATO üzvü olduqdan sonra Ukrayna işğal edilmiş əraziləri güc yolu ilə geri qaytara bilməz. Əks halda, bütün müttəfiqlərini itirə bilər.

Zelenski Patriot raketlərinin tədarükünü artırmağı istəyir

Ukrayna Prezidenti müttəfiqlərindən Rusiyanın ballistik raket hücumlarının qarşısını almaqda mühüm rol oynayan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin tədarükünü artırmağı xahiş edib.

O, Ukraynanın ən azı dekabr ayı boyunca ehtiyac duyduğu raketlərlə təmin olunmasını istəyib. Zelenski bu müraciətini yanvar-fevral aylarında ABŞ Konqresinin yeni tərkibi ilə bağlı fərqli yanaşma formalaşdırmaq niyyəti ilə izah edib.

Onun sözlərinə görə, “Patriot” sistemləri üçün 48 raketin tədarükü gecikir. Səbəb ABŞ-ın müdafiə naziri Pit Heqsetin bu paketi hələ təsdiqləməməsidir. Zelenski əlavə edib ki, həmin 48 raket belə Ukraynanın ehtiyaclarını ödəməyəcək.

Daha əvvəl Zelenski ötən ildən etibarən ABŞ-ın Ukraynaya hər ay 12 ədəd “Patriot” tutucu raketi verdiyini bildirmişdi. Bu, Co Bayden administrasiyasının vəd etdiyi həcmin təxminən dörddə birinə bərabərdir.

Ukrayna Prezidenti müharibənin başa çatdırılması ilə bağlı danışıqların getdiyi bir vaxtda ölkəsinin təkcə tutucu raketlərin tədarükünün azaldılması ilə deyil, həm də onların gecikdirilməsi ilə üzləşməsini son dərəcə xoşagəlməz hal adlandırıb.

Starshield terminallarına qoyulan məhdudiyyətlər qüvvədə qalır

Zelenski Ukrayna tərəfinin “SpaceX Starshield” terminallarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmadığını da təsdiqləyib.

Bu terminallar hərbçiləri peyk interneti ilə təmin edir. Lakin Rusiyanın işğal etdiyi ərazilərdə onların fəaliyyəti məhdudlaşdırılıb. Zelenskinin sözlərinə görə, bu vəziyyət Ukraynanın hava hücumundan müdafiə sistemlərinin işinə mane olur.

Ukrayna Prezidenti bildirib ki, Amerika özü özünü çox çətin vəziyyətə salır. O əlavə edib ki, siyasi baxımdan Vaşinqton, görünür, Ukraynanın kapitulyasiyasına nail olmağa çalışan Putinin mövqeyi ilə eyni xəttə yaxınlaşır.

Ukrayna müharibənin ən ağır qışına hazırlaşır

Silah tədarükü ilə bağlı mübahisələr Ukraynanın genişmiqyaslı işğalın başlanmasından bəri ən ağır qışla üzləşməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Rusiya Ukraynanın enerji infrastrukturuna dron və raketlərlə kütləvi zərbələr endirir. “Bloomberg”in qiymətləndirməsinə görə, Moskva bununla əhalinin mənəvi müqavimətini qırmağa və Putinin döyüş meydanında əldə edə bilmədiyi qələbəyə nail olmağa çalışır.

Donetsk vilayətində Rusiya qoşunlarının irəliləyişi dayanıb. Bununla belə, şəhərlərə hücumlar daha da mürəkkəbləşir. Səbəb vurulması çətin olan reaktiv pilotsuz uçuş aparatlarından daha geniş istifadə edilməsidir.

Zelenski bildirib ki, Putin 2026-cı ildə müharibənin gedişini tamamilə dəyişib. Onun sözlərinə görə, “ordu orduya qarşı” mərhələsi nəticə vermədikdən sonra Rusiya ordusu mülki əhaliyə qarşı müharibə aparmağa başlayıb.

Rusiya enerji obyektləri ilə yanaşı, hədəflərinin siyahısını da genişləndirib. Buraya su təchizatı sistemləri və Kiyevdə Dnepr çayı üzərindəki körpülər də daxildir.

Zelenski kanalizasiya obyektinə ballistik raketlə endirilən zərbənin təsadüf olub-olmadığını sual edib.

Ukrayna Rusiyanın infrastrukturuna zərbələri davam etdirir

Ukrayna da Rusiyanın infrastrukturuna hücumlarını davam etdirir.

Ötən həftə Ukrayna qüvvələri Rusiyanı 2014-cü ildə ilhaq etdiyi Krım yarımadası ilə birləşdirmək üçün Putinin göstərişi ilə tikilmiş Krım körpüsündə yolun bir hissəsini dağıdıb.

Kiyev, həmçinin Kremlin müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədilə Rusiyanın neft emalı zavodlarına hava hücumlarını gücləndirib.

N.Talıblı